Ailədə olan söz söhbətlər uşaqlara necə təsir edir?
“Ailədə yaşanan söz-söhbət və münaqişələr, xüsusilə də bu münaqişələrin uşaqların gözü qarşısında baş verməsi onların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Uşaqlar üçün ailə təhlükəsizlik və sevgi mənbəyidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, əgər bu mühitdə gərginlik, aqressiya və qarşılıqlı anlaşılmazlıq hökm sürürsə, uşaqda özünü qorxmuş, narahat və qeyri-sabit hiss etmə halları müşahidə oluna bilər: “Uşaqlar böyüklərin hərəkətlərindən və münasibətlərindən nümunə götürərək sosial davranış formalaşdırırlar. Əgər onlar daim valideynlər arasında gərginlik, təhqir və emosional zorakılıq müşahidə edirlərsə, bu, onların gələcək münasibətlərinə də mənfi təsir edəcək. Belə mühitdə böyüyən uşaqlarda özünə inamsızlıq, emosional pozuntular, məktəbəqədər və məktəb yaşlarında davranış problemləri, hətta aqressivlik və içəqapanıqlıq kimi hallar yaranır.
Valideynlər bilməlidirlər ki, onların arasındakı münasibətlər yalnız onları deyil, birbaşa uşaqların gələcəyini də formalaşdırır. Hər bir ailə fərqi və fikir ayrılığı yaşaya bilər, lakin bu münaqişələrin uşaqların iştirakı olmadan və sağlam şəkildə həll olunması vacibdir. Ailə daxilində qarşılıqlı hörmət və anlaşma mühiti yaratmaq uşaqların emosional təhlükəsizliyi üçün əsas şərtdir”.