Siyasət

“Zirvə görüşü Azərbaycanın diplomatik uğurunun və qlobal nüfuzunun göstəricisidir”


“İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndi şəhərində baş tutması Azərbaycan üçün diplomatik uğur sayılmaqla bərabər, işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkəmizdə ənənə halını almış yüksəksəviyyəli tədbirlər keçirmək təcrübəsini növbəti dəfə dünyaya nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda təşkil edilən Zirvə görüşünə Asiyadakı türk respublikalarının, Pakistanın və İranın dövlət başçılarının və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin, Əfqanıstanın Baş nazirinin müavininin və Nigeriyanın büdcə və iqtisadi planlama nazirinin gəlməsi yüksəksəviyyəli iştirakçılığın və qlobal əməkdaşlığın bariz nümunəsidir: “ECO-nun Zirvə görüşü bütün iştiraçı dövlətlər üçün yeni imkanlar açaraq, gələcək nailiyyətlərimizin ilbəil artmasına, statusumuzun yüksəlişinə səbəbiyyət verəcək, ölkələrarası əməkdaşlığın müxtəlif sahələri üzrə inkişafına təkan verəcək. Əsas diqqətçəkən məqamlardan biri də Azərbaycan və Türkiyənin liderliyi və diplomatik səyləri ilə Şimali Kipr Türk Respublikasının da artıq beynəlxalq görüşlərdə diqqətdən kənarda qalmamasıdır.

Növbəti Zirvə görüşünün Türkiyədə keçiriləcəyi də Şimali Kipr üçün üçün irəliyə doğru atılmış addım və tanınmaq yolundan vacib nüans olacaq. İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin ECO-nun Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı qəbuledilməz iddiaları fonunda bu cür beynəlxalq tədbirlər Xankəndinin, Şuşanın və digər işğaldan azad edilmiş ərazilərimizin qlobal miqyasda növbəti dəfə Azərbaycanın suveren ərazisi kimi qəbul edildiyini və tanındığını sübut edir. Gələcəkdə daha da yüksək zirvələr fəth edəcək Azərbaycan üçün Xankəndi Zirvə görüşü yüksəksəviyyəli iştirakçılığımızla diplomatik qələbə kimi tarixdə öz yerini tutacaq. Müxtəlif təzyiqlərə və əsassız narazılıqlara baxmayaraq, Xankəndində keçirilən Zirə görüşü qlobal nüfuz mübarizəmizin nəticəsidir və dövlətimiz üçün qazancdır”.