İqtisadiyyat

Ekoloji avtomobil idxalında 2 dəfədən çox artım qeydə alınıb


Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin ilk 5 ayı ərzində ölkəmizə idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Daha dəqiq desək, cari ilin yanvar-may aylarında ölkəyə 19 193 ədəd ekoloji təmiz minik avtomobili gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 134,8% (2,3 dəfə) və ya 11 020 ədəd çoxdur.

Qeydə alınan artımı iki amillə izah etmək mümkündür. Birincisi, sözügedən minik avtomobillərinin yanacaq istifadəsinin daha sərfəli olması, digəri isə dövlət tərəfindən tətbiq olunan gömrük və vergi güzəştləridir.

Minik avtomobillərinin növləri üzrə idxal göstəricilərinə baxsaq, görərik ki, cari ilin ilk 5 ayında “plug-in” hibrid minik avtomobillərinin sayı digər növləri geridə qoyub. 2024-cü ilin yanvar-may aylarında ölkəmizə 10 709 ədəd “plug-in” hibrid minik avtomobili idxal olunmuşdusa, bu il həmin say 462,7% (5,6 dəfə) və ya 8 806 ədəd artıb.

Hesabat dövründə hibrid minik avtomobillərinin idxalında da artım müşahidə olunub. Cari ilin ilk 5 ayında ölkəmizə 7 717 hibrid minik avtomobili idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% və ya 2 697 ədəd çox deməkdir.

Son 5 ildə ilk dəfədir ki, tam elektrik minik avtomobillərinin idxal sayında azalma qeydə alınır. Cari ilin yanvar-may aylarında ölkəmizə gətirilən elektromobilin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,6% və ya 483 ədəd daha az (767 ədəd) olub. Buna səbəb əlbəttə ki, “plug-in” hibrid minik avtomobillərinə marağın daha çox artmasıdır. Qeyd edək ki, “plug-in” hibrid minik avtomobilləri həm hibrid, həm də elektromobillərin yanacaq funksiyalarını bir yerdə cəmləyir.

Cari ilin yanvar-may aylarında Azərbaycana idxal olunan ekoloji təmiz minik avtomobilləri ümumi minik avtomobilləri idxalının 49,2%-ni təşkil edib ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Xatırladaq ki, ötən ilin ilk 5 ayında ekoloji təmiz minik avtomobillərinin idxal payı cəmi 25,58% təşkil edirdi. 2021-ci ildə isə bu göstərici 13% olub.

2025-ci ilin ilk 5 ayında ənənəvi, yəni yalnız yanacaq ilə çalışan minik avtomobillərinin payı 50,8% təşkil edib.

Məlumat üçün bildirək ki, ölkəmizə idxal olunan ekoloji təmiz minik avtomobillərinin artım tendensiyasını nəzərə alsaq, növbəti ildə ekoloji avtomobillərin sayının ənənəvi minik avtomobillərinin sayından daha çox olacağını proqnozlaşdırmaq mümkündür.

Cari ilin yanvar-aprel aylarında ölkəmizə idxal olunan ekoloji təmiz minik avtomobillərinin 69,6%-i və ya 10 399-u Çindən gətirilib.

İdxalın 15,2%-ni təşkil edən Yaponiya ikinci sırada yer alır. Bu ölkədən ilk 4 ayda 2 266 ekoloji təmiz minik avtomobili idxal olunub.

852 avtomobil ilə Cənubi Koreya (Koreya Respublikası) üçüncü yerdə qərarlaşıb. Bu ölkədən gətirilən ekoloji təmiz minik avtomobilləri ümumi idxalın 5,7%-ni təşkil edib. Növbəti sırada isə idxalın 5,2%-ni (777 minik avtomobili) təşkil edən ABŞ yer alır.

Qalan 651 ekoloji təmiz minik avtomobili isə digər ölkələrdən idxal olunub.

Azərbaycan və Gürcüstanın Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi məlumatlar əsasında aparılan təhlilə əsasən, Azərbaycana idxal olunan minik avtomobilləri arasında ekoloji təmiz minik avtomobillərinin payı Gürcüstan ilə müqayisədə daha çox olub.

Azərbaycanda bu göstərici 49,2%, Gürcüstanda 23,53% təşkil edib. Say baxımından da Azərbaycana idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayı (19 193) Gürcüstanla (17 887) müqayisədə daha çoxdur.