Dünya

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib


Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərslik və bədii kitablarla təmin olunması istiqamətində tədbirlər davam edir. SİA xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının təşəbbüsü və “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin maliyyə dəstəyi ilə 600-ə yaxın kitab Gürcüstanda fəaliyyət göstərən 17 təhsil mərkəzi və təşkilatlara çatdırılacaq.

İyulun 11-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində kitabların təqdimatı keçirilib. Tədbirdə Tbilisi, Rustavi, Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və Laqodexidə yerləşən təhsil mərkəzlərin rəhbərləri, müəllimlər və gənclər iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva kitabların yerli kitabxanaların zənginləşdirilməsində rolunu xüsusi qeyd edib.

“Maarif” təşkilatının rəhbəri Aygül İsayeva çıxışında deyib ki, hazırda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə ana dilində nağıl, hekayə, roman və dastanlardan ibarət kitabların çatışmazlığı var. Məqsəd həmin kitabxanaları daha da zənginləşdirmək, soydaşlarımızın elmə, kitaba marağını artırmaqdır.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Cavid Məhərrəmov deyib ki, səfirlik bu cür təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir.

Azərbaycan gəlmiş yazıçı, professor Siyavuş Quliyev tərbiyə və pedaqogika ilə bağlı kitablarını “Maarif” təşkilatına hədiyyə edib.

Kitablar soydaşlarımız üçün “Kitabpaylama kampaniyası” çərçivəsində Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrə çatdırılacaq. Kampaniyanın əsas məqsədi azərbaycanlı gənclərin Azərbaycan dilində bədii ədəbiyyata əlçatanlığını təmin etməkdir.