Dünya

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub


Bir sıra Avropa ölkəsində iyunun sonu – iyulun əvvəlində davam edən anomal istilərin səbəb olduğu ölüm halları qeydə alınıb. SİA xəbər verir ki, yerli hakimiyyət orqanlarının və həkimlərin məlumatına görə, son bir həftə ərzində təkcə Macarıstanda 18 nəfər dünyasını dəyişib. Onların çoxu qocalar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.

Slovakiyada bəzi bölgələrdə havanın temperaturu 42 dərəcə Selsini keçib. Çexiya və Serbiyanın bəzi ərazilərində termometr göstəriciləri davamlı olaraq 40 dərəcədən yuxarıdır. Tibb işçiləri sakinləri günün ən isti vaxtında evdə qalmağa, su və otaqları sərinləşdirməyi unutmamağa çağırır.

Bir çox ölkədə qırmızı hava xəbərdarlığı elan edilib. Yunanıstan və Portuqaliyada anomal istilərə meşə yanğınları da əlavə olunub, bu da vəziyyəti daha da çətinləşdirib. Yüksək temperaturlar səbəbindən səhiyyə sistemlərinə təzyiq artır: minlərlə insan istilikvurma və susuzlaşma əlamətləri ilə bağlı müraciət edirlər.

Artıq bir sıra ölkələrin hakimiyyət orqanları istilərin təsirlərini minimuma endirmək üçün əlavə tədbirlərin tətbiqi imkanlarını müzakirə edirlər. Ekspertlər qlobal iqlim dəyişikliyi səbəbindən belə hava hadisələrinin daha tez-tez baş verə biləcəyini xatırladırlar.

Avropa sakinlərinə meteoroloji proqnozları diqqətlə izləmək, yaşlı qohumlara və qonşulara qayğı göstərmək tövsiyə olunur.