Rusiya Jurnalistlər İttifaqının söz azadlığından danışmağa mənəvi haqqı varmı?
“Rusiya Jurnalistlər İttifaqının müstəqil media haqqında danışmağa mənəvi haqqı yoxdur. Çünki Rusiyada dövlətin nəzarətindən kənar fəaliyyət göstərən media qurumlarına qarşı son illərdə aparılan sistemli təzyiqlər, qanunvericilik səviyyəsində tətbiq edilən məhdudiyyətlər və jurnalistlərin susdurulması siyasəti fonunda bu cür qurumların obyektivlikdən və söz azadlığından danışması ciddi ziddiyyət təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu təşkilat uzun illər ərzində Rusiyada baş verən media azadlığının məhvi prosesinə ya göz yummuş, ya da dolayı yolla dəstək vermişdir: “Onların müstəqil jurnalistlərə qarşı yönələn təqiblər və “xarici agent” etiketi ilə ləkələmə siyasətinə münasibətsiz qalması, hətta bəzi hallarda bunu əsaslandırması, onu obyektiv və prinsipial mövqe nümayiş etdirən qurumdan çox, siyasi sifarişlə hərəkət edən bir struktur kimi tanıdıb. Belə bir təşkilatın beynəlxalq miqyasda və ya başqa ölkələrin daxili media məsələləri barədə fikir bildirməsi, sadəcə olaraq riyakarlıqdır. Əvvəlcə öz daxilində söz və fikir azadlığını müdafiə etməyən bir qurumun, xaricdə bu dəyərlər üzərindən mövqe bildirməsi heç bir mənəvi əsas daşımır və ciddiyə alınmamalıdır”.