Dünya

Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır


Cənubi Koreyada həkim-interna və tibb üzrə təhsil alan tələbələrin hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq ötən ilin fevralında başlatdığı boykot aksiyası başa çatır. SİA xəbər verir ki, Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası parlamentin təhsil və rifah komitəsinin iyulun 12-də keçirilən iclasında həkim-internaların boykot aksiyasını dayandıraraq dərsə qatılacaqlarını açıqlayıb. “Biz Milli Assambleyaya və hökumətə güvənərək dərslərə qayıdacaq, tibb təhsilinin və səhiyyə sisteminin normallaşmasına çalışacağıq”, – deyə assosiasiyanın bəyanatında deyilir. Qurumun açıqlamasında tələbələrin dərsə qatılacağı gün barədə məlumat yoxdur.

Boykot aksiyasının iştirakçıları hökuməti akademik cədvəlləri bərpa etmək üçün tədbirlər görməyə və uzunmüddətli perspektivdə tibb təhsili mühitini yaxşılaşdırmaq üçün məsləhətçi orqan formalaşdırmağa çağırdılar.

Qeyd edək ki, ötən il fevralın 20-də Cənubi Koreyada həkim-interna, rezident həkim və tibb tələbələri hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq boykot aksiyasına başlayıb. Tətil edən həkim-internalar akademik məzuniyyət və ya işdən çıxmaq üçün ərizə yazıblar. Etirazçılar ölkə üzrə ümumi həkim-internaların 93 faizini təşkil edib. Cənubi Koreya hökuməti əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırmışıdı. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.

İyunda keçirilmiş prezident seçkisindən sonra formalaşmış yeni hökumət kvotanı artırmaq planını dayandırıb.