ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən həyata keçirilən “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə təqdim olunub. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir.
Tədbir iştirakçılarına həmçinin süni intellekt sahəsində “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-05) tərəfindən qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq etdiyi standartlar barədə ətraflı məlumat verilib.
Layihədə iştirak etmək məqsədilə Azərbaycandan iki nəfərin namizədliyi ISO tərəfindən təsdiq edilib.Bunlar, Texniki komitənin sədri – RİNN-in aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Texniki komitənin əlaqələndiricisi – Azərbaycan Standartlaşdırma İnstitutunun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhridir.
Müsabiqənin qalibləri kimi Azərbaycanla yanaşı, Bahama adaları, Braziliya, Böyük Britaniya, Kanada, Misir, Hindistan, İndoneziya, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Uqanda və Amerika Birləşmiş Ştatlarının nümayəndələri də layihədə iştirak etmək hüququ qazanıblar.
Layihənin əsas məqsədi maraqlı tərəfləri süni intellektin idarə olunması sahəsində beynəlxalq və yerli standartlara uyğun ən yaxşı tənzimləmə təcrübələri barədə məlumatlandırmaq, həmçinin süni intellekt siyasəti və standartları ilə bağlı bilik və təcrübə mübadiləsini təşviq etməkdir.
Səfər çərçivəsində seçilmiş nümayəndələr Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil olunan “Artificial Intelligence for Good” adlı qlobal süni intellekt sammitinə də qatılıb.