Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla növbəti dəfə görüş keçirib. Kollegiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Səbuhi Göyüşovun birillik fərdi inkişaf planı ətrafında aparılan işlər qiymətləndirilib, görülən tədbirlər və onların hazırkı vəziyyəti müzakirə olunub. Bundan başqa, fərdi inkişaf proqramına uyğun olaraq kollegiyanın həyata keçirdiyi əlavə tədbirlər, eləcə də, onun peşəkar inkişafına dəstək verəcək digər layihələr barədə fikir mübadiləsi aparılıb, hər iki tərəf qarşılıqlı təkliflərini bölüşüb.
Səbuhi Göyüşov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində VK-nın sədri Anar Bağırova yaradılan imkan və səmimi görüşə görə bir daha təşəkkürünü ifadə edib.
Qeyd edək ki, VK tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə və layihələrdə onun iştirakı davam edir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.