“Terrorsuz bir mühit Türkiyənin sosial-iqtisadi inkişafını sürətləndirə bilər”
“Terrorizmdən azad bir Türkiyə təkcə daxili sabitlik və təhlükəsizlik baxımından deyil, həm də regionda və beynəlxalq müstəvidə daha güclü, təsirli və proqnozlaşdırılan aktor kimi çıxış etməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, terrorsuz bir mühit Türkiyənin sosial-iqtisadi inkişafını sürətləndirə bilər. Uzun illərdir ki, ölkənin ciddi maliyyə resursları terrorla mübarizəyə yönəldilir. Bu təhlükənin aradan qalxması ilə həmin resurslar təhsilə, səhiyyəyə, infrastruktur layihələrinə və digər vacib sahələrə yönəldilə bilər: “Bununla yanaşı, təhlükəsizlik risklərinin azalması xarici sərmayəçilər üçün də Türkiyəni daha cəlbedici bir bazara çevirər, turizm sektorunda bərpa və artım müşahidə olunar. Siyasi müstəvidə isə terrorsuz bir Türkiyə, daxili siyasi dialoqun daha sağlam və konstruktiv şəkildə qurulmasına zəmin yarada bilər. Terror təhlükəsi bəzən müəyyən azadlıqların məhdudlaşdırılması üçün əsas kimi göstərildiyi halda, təhlükənin aradan qalxması daha açıq cəmiyyət və güclü vətəndaş institutlarının formalaşmasına şərait yarada bilər.
Beynəlxalq siyasətdə isə Türkiyə öz resurslarını daha çox regional əməkdaşlıq və diplomatik təşəbbüslərə yönəldə bilər. Terrorsuz bir Türkiyə, həm NATO çərçivəsində, həm də Orta Şərq, Qafqaz və Balkanlar kimi həssas bölgələrdə sülh və sabitliyin təmin olunmasında daha fəal rol oynaya bilər. Ən önəmlisi isə odur ki, terror təhlükəsinin aradan qalxması türk xalqının gündəlik həyatına birbaşa müsbət təsir edəcək. İnsanlar daha az qorxu ilə yaşayacaq, sərbəst hərəkət edəcək və gələcək üçün daha böyük ümidlərlə planlar qura biləcəklər. Nəticə etibarilə, terrorsuz bir Türkiyə həm region, həm də dünya üçün daha sabit, inkişaf etmiş və güclü bir tərəfdaş deməkdir”.