Ərəb dövlətləri və Türkiyənin XİN başçıları Suriyadakı hadisələrlə bağlı birgə bəyanat yayıb
İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan, Misir və Türkiyənin xarici işlər nazirləri Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat veriblər. SİA Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla bildirir ki, adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriya Ərəb Respublikasına qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib. Bu əməllər beynəlxalq hüququn açıq şəkildə pozulması və Suriyanın suverenliyinə qarşı kobud təcavüz kimi qiymətləndirilib.
Bundan başqa, birgə bəyanatda hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı, Suriya hökumətinin xalqının arzu və seçimlərinə uyğun yeni bir Suriya qurmaq səylərini zəiflətdiyi vurğulanır.
Bəyanatda, həmçinin Suveyda vilayətində böhranın sona çatdırılması üçün əldə olunmuş razılaşma alqışlanıb və onun həyata keçirilməsinin Suriyanın birliyi, xalqının qorunması, qan tökülməsinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyi, dövlətin və qanunun aliliyi baxımından zəruri olduğu vurğulanıb.
Eyni zamanda, nazirlər Suriya Prezidenti Əhməd Əl Şaraanın Suveyda vilayətində vətəndaşlara qarşı baş verən pozuntulara görə məsul şəxslərin cəzalandırılmasına dair öhdəliyini, həmçinin vilayətdə və ümumilikdə Suriyada təhlükəsizlik və dövlət suverenliyinin bərpası, qanunun aliliyinin təmin olunması, zorakılıq, məzhəbçilik, təfriqə və nifrət çağırışlarının rədd edilməsinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər.
Nazirlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə yenidənqurma prosesində dəstək verməyə çağırıblar. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasını öz hüquqi və mənəvi məsuliyyətini yerinə yetirməyə, çağırıblar.