Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib
Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.
Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi – prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq təcrübəsini qiymətləndirərək bu istiqamətdə qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək, dövlət strukturlarında ictimai iştirakçılığın genişləndirilməsində və ictimai nəzarətin gücləndirilməsində medianın mühüm rolunu qeyd edib.
Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirdə media nümayəndələri – Milli.az xəbər portalının baş redaktoru Asif Mehman, Report İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Valeh Dadaşov çıxış edərək prokurorluq-media münasibətləri barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.
Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.
Sonda xatirə fotoşəkili çəkilib.