“Prezidentlərin səfəri Azərbaycan–Türkmənistan dostluğunu daha da möhkəmləndirir”
“Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü və ardınca onların Şuşa, Füzuli və Laçına birgə səfəri regional və beynəlxalq miqyasda çox önəmli mesajlar verir. Bu hadisə yalnız iki ölkə arasındakı münasibətlərin güclənməsi baxımından deyil, həm də regional əməkdaşlıq, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik kontekstində strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu görüş iki ölkənin Xəzər regionundakı əməkdaşlıq imkanlarını daha da inkişaf etdirmək niyyətini ortaya qoyur. Azərbaycan və Türkmənistan enerji resursları ilə zəngin ölkələrdir və bu səbəbdən qarşılıqlı maraqlar əsasən enerji nəqli, logistika və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində toplanır: “Berdiməhəmmədovun işğaldan azad edilmiş ərazilərə səfəri və burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olması regionda yaranmış yeni geosiyasi reallıqların qəbul edildiyini nümayiş etdirir. Bu, Türkmənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin açıq təzahürüdür. Bundan başqa, Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etməsi sırf protokol jesti deyil, dərin rəmzi mənaya malikdir. Qarabağ atı Azərbaycanın milli sərvəti və tarixi irsinin simvolu sayılır. Bu hədiyyə iki xalq arasındakı dostluğun və mədəni yaxınlığın möhkəm əsaslara söykəndiyini göstərir. Bu addım həmçinin beynəlxalq aləmə bir mesajdır: region ölkələri arasında sülh, dostluq və qarşılıqlı hörmət prinsipləri gücləndirilir.
Digər mühüm məqam ondan ibarətdir ki, bu görüş və səfərlər beynəlxalq ictimaiyyət üçün strateji siqnal xarakteri daşıyır. Azərbaycan və Türkmənistan yalnız enerji layihələrində tərəfdaşlıq etmir, eyni zamanda regional sabitliyin qorunması, nəqliyyat və ticarət marşrutlarının inkişafı üçün birgə mövqe nümayiş etdirirlər. Bu, böyük güclərin bölgədəki təsir mexanizmlərinə balans gətirən mühüm əməkdaşlıq nümunəsi kimi dəyərləndirilə bilər. Ümumilikdə, bu səfər həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan çox mühüm əhəmiyyətə malikdir. Dünyaya verilən əsas mesaj budur: Cənubi Qafqaz və Xəzər regionu sülh, əməkdaşlıq və inkişaf xəttində yeni mərhələyə qədəm qoyur. Azərbaycanın bu prosesdə aparıcı rolu isə onun regional liderlik statusunu daha da möhkəmləndirir”.