Azərbaycan və Pakistan dəmiryol sahəsində əməkdaşlıq imkanını müzakirə edib
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi “Pakistan Dəmir Yolları”nın sədri Syed Məzhər Əli Şahla videoformatda görüş keçirib. SİA bu barədə ADY-yə istinadən xəbər verir.
Görüşdə yükdaşıma həcmlərinin artırılması, limanların inteqrasiyası, ortaq investisiya layihələri, Şərq-Qərb bağlantısı üzrə Azərbaycan və Pakistandan keçən nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər Cənubi Asiya–Qafqaz–Avropa marşrutu boyunca fərqli istiqamətlərin qarşılıqlı yük mübadiləsi üçün mümkün istifadəsini vurğulayıb, həmçinin Çin, Pakistan, Əfqanıstan və Türkmənistandan keçməklə Azərbaycan üzərindən qitələri birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafına dəstək ifadə ediblər.
İkitərəfli münasibətlər baxımından pilot əməkdaşlıq layihələri, xüsusilə “Pakistan-Azərbaycan Ekspress” və Pakistan–İran–Azərbaycan pilot yükdaşıma layihələrinin inkişafı, Pakistanın Qvadar Limanının imkanlarından istifadə, Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.