İqtisadiyyat

“TBC Kredit”in lisenziyası könüllü ləğv edilib


Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Gürcüstanın “TBC Bank Qrup”unun nümayəndəsi, Özbəkistan “TBC Bank”ının İdarə Heyətinin sədri və Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit bank olmayan kredit təşkilatı” MMC-nin (“TBC Kredit BOKT”) Müşahidə Şurasının üzvü Spartak Tetraşvili ilə görüşüb.

SİA-nın məlumatına görə, AMB-dən bildirilib ki, görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.

S.Tetraşvili AMB tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunaraq, bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin “TBC Bank Qrup”u tərəfindən strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit BOKT”nin fəaliyyətinin dayandırılması və bu məqsədlə AMB-nin həmin təşkilatın lisenziyasının könüllü ləğvi üçün müraciət edildiyini qeyd edib.

Yekunda “TBC Bank Qrup”unun gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.

Qeyd edək ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən “TBC Kredit BOKT” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək AMB-nin İdarə Heyətinin 17.07.2025-ci il tarixli Qərarı ilə ona verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edilib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.