Siyasət

Dünyanın ən ciddi problemlərindən olan dezinformasiya ilə üz-üzəyik


Bir əsrdən çoxdur ki, AZƏRTAC fasiləsiz şəkildə fəaliyyət göstərir. AZƏRTAC 1920-ci ildə Şərqdə o dövrdə yaradılan ilk demokratik dövlət tərəfindən təsis olunub. Həmin dövrdə AZƏRTAC müstəqil ölkənin xəbər mənbəyi kimi cəmi iki ay fəaliyyət göstərib. Lakin xəbər axını sonrakı sovet dövründə də davam edib, ölkəmiz haqqında yüz minlərlə foto və məlumatı özündə əks etdirən dəyərli bir resursa çevrilib. Agentliyin yüzillik tarixinə nəzər saldıqda bu irsin nə qədər qiymətli olduğunu aydın şəkildə görürük.

SİA-nın məlumatına görə, bu sözləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, bu gün AZƏRTAC dünyanın müxtəlif ölkələrində 54 informasiya agentliyi və media təşkilatı ilə əməkdaşlıq edir. “Həmçinin, biz 11 beynəlxalq informasiya təşkilatının və platformasının fəal üzvüyük. 2016-cı ildə AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-nın Baş Assambleyasına ev sahibliyi edib. OANA-nın Sankt-Peterburqda keçirilən Assambleyasında növbəti toplantının 2028-ci ildə AZƏRTAC tərəfindən təşkil olunması planlaşdırılır”,- deyə İdarə Heyətinin sədri əlavə edib.

O vurğulayıb ki, hazırda AZƏRTAC hər gün 8 dildə təxminən 600 xəbər, 200-dək foto və 5 dildə 50-yə yaxın videomaterial yayımlayır. Eyni zamanda, gündəlik olaraq tərəfdaşlarının əksəriyyəti ilə xəbər mübadiləsi aparır.

“Zaman keçdikcə agentliyin əhəmiyyəti daha da artır. Müasir, sürətlə dəyişən informasiya dövründə, xəbərin bir toxunuşla yayıldığı zamanda informasiya agentliklərinin rolu heç vaxt olmadığı qədər önəmlidir. Məhz bu informasiya axını fonunda biz çağdaş dünyanın ən ciddi problemlərindən olan feyk xəbərlər və dezinformasiya ilə üz-üzəyik. Agentliklər hazırda feyk xəbərlərlə mübarizə aparır. Faktların yoxlanması bu gün agentlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Süni intellekt və təsdiqləmə texnologiyaları saxta şəkillərin, deepfake videoların və manipulyativ kontentin müəyyənləşdirilməsi üçün geniş şəkildə istifadə olunur”,- deyə V.Əliyev vurğulayıb.