I Dünya müharibəsi zamanı batan gəmi 109 il sonra tapılıb
Şotlandiya sahillərindən təxminən 96 kilometr məsafədə, Şimal dənizində 109 il əvvəl batırılmış Britaniya Kral Donanmasına məxsus hərbi gəminin qalıqları aşkar edilib. SİA BBC-yə istinadla xəbər verir ki, “HMS Nottingham” adlı 150 metrlik döyüş gəmisi 1916-cı il avqustun 19-da alman sualtı qayığı tərəfindən torpidolandıqdan sonra batmışdı. Hücum nəticəsində 38 heyət üzvü həlak olmuşdu.
Gəminin qalıqları beynəlxalq “ProjectXplore” komandası tərəfindən 82 metr dərinlikdə müəyyən edilib. Tarixi əhəmiyyətli gəmi qəzalarının yerini müəyyənləşdirməyi hədəfləyən bu ekspedisiya gəminin ölçüləri, avadanlığı və vəziyyətinin tarixi məlumatlarla üst-üstə düşdüyünü bildirərək onun “HMS Nottingham” olduğunu bildirib.
Dalğıclar gəminin gövdəsində “Nottingham” yazısı, üzərində Kral Donanmasına məxsus mavi tac simvolu olan boşqablar və digər əlamətləri də aşkarlayıblar. Məlumata görə, kəşfiyyat missiyası zamanı gəmi alman sualtı qayığı tərəfindən sol tərəfindən üç dəfə vurulmuşdu.