Siyasət

Görüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır


Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə dünyaya səs salan, Vaşinqton administrasiyasından belə təqdir toplayan, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirmişdir.

Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı “qətnamə oyununa” start vermək qərarına gəlib.

İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən Azərbaycan əleyhinə qətnamə layihəsinə təşəbbüs edilib. Qətnamədə Fransanın Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi tarixi və siyasi rola malik olduğu vurğulanır. Qətnamə, sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə dəstək verilməli olduğunu qeyd edir və Fransa ilə Ermənistan arasında insan hüquqları, təhlükəsizlik, inkişaf və demokratiyaya əsaslanan strateji tərəfdaşlığı haqqında anlaşmanın imzalanmasına çağırış edir.

Son illər Fransanın siyasi dairələrinin, o cümlədən Parlamentinin birbaşa Yelisey Sarayından alınmış təlimatlar əsasında Azərbaycan əleyhinə fəaliyyəti səngimək bilmir. Loran Vokyenin simasında Fransa iqtidar koalisiyasının üzvü – “Respublikaçılar” Partiyası “ali təlimatın” icraçısıdır. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu “orkestrin” dirijorluğunu Emmanuel Makron Administrasiyasının etdiyini açıq şəkildə göstərir.

Fransa Minsk qrupunun “ölü” həmsədrlərindən biri kimi, Cənubi Qafqaz regionuna qayıtmaq, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesində iştirak etmək üçün cəhdlər göstərir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir.

Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir və Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünün Fransanın iştirakı olmadan keçirilməsi E. Makronu qıcıqlandırır.

Fransa Milli Assambleyasının növbəti qətnamə layihəsi beynəlxalq hüquqa, ədalətə və regional sabitliyə hörmətsizliyin bariz nümunəsidir. Bu, Fransanın öz geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirmək cəhdidir. Azərbaycan isə öz müstəqil siyasətini davam etdirəcək, ölkənin milli təhlükəsizliyinin qarantiyası kimi yalnız Azərbaycan dövlətini görəcək və heç bir xarici təzyiqə boyun əyməyəcək. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi, yeni dünya nizamında daha da güclənəcəkdir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı