Dünya

ABŞ BMT-də sərt şəkildə Rusiyaya Trampın ultimatumunu xatırladır…





Əlavə tədbirlər olacaq…



…Birləşmiş Ştatlar BMT-də Kremlə Ukraynadakı müharibənin 50 gün ərzində dayandırılmasının vacibliyini xatırladıb və Çini Rusiyanın müdafiə sektoruna yardım etdiyinə görə tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna BMT Təhlükəsizlik Şurasının cümə günü, iyulun 25-də keçirilən iclasına istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Doroti Şi bildirib.

Amerika səfiri qeyd edib ki, Rusiya Ukraynanın dinc sakinlərini öldürməkdə davam edir.

Onun sözlərinə görə, Rusiya pilotsuz təyyarələri və raketləri məktəblərə, uşaq meydançalarına, yaşayış binalarına və hətta qocalar evlərinə də hücum edir.

Şi həmçinin qeyd edib ki, Rusiya minlərlə Şimali Koreya əsgərini ön cəbhəyə yerləşdirib və on minlərlə rus əsgərini döyüş meydanında ölmək üçün göndərib.

ABŞ nümayəndəsi xatırladıb ki, iyulun 14-də Tramp Rusiya prezidenti Vladimir Putinə 50 gün ərzində Ukrayna ilə sülhə dair razılaşmanın əldə olunmasının vacibliyi barədə xəbərdarlıq edib.

…Rusiya bu müddət ərzində hücumları dayandırmağa razı olmasa, ABŞ əlavə tədbirlər görməyə hazırdır.

Bunu deyən səfir xatırladıb ki, 100 gündən artıqdır ki, BMT Təhlükəsizlik Şurası Ukraynada müharibənin tezliklə dayandırılması və davamlı sülhün bərqərar olunmasını tələb edən qətnaməni təsdiqləyib.

…Və bu, Səudiyyə Ərəbistanı və İstanbulda danışıqların irəliləməsinə kömək etsə də, irəliləyiş sülh üçün lazım olan tədbirlərdən çox geri qalır.

Bunu da ABŞ rəsmisi bildirib.

Çinin tənqidi…

Bundan əlavə, səfir Çini Rusiyaya ikili təyinatlı mallar ixrac etməkdə davam etdiyinə görə tənqid edib ki, bu da Rusiya ordusuna silah istehsalında və Ukraynanın dinc şəhərlərinə hücumda kömək edir.

…Pekinin ikili təyinatlı malların ixracına ciddi nəzarət tətbiq etmək iddiası Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi dronlarda, silahlarda və nəqliyyat vasitələrində Çin istehsalı olan komponentlərin gündəlik aşkarlanması fonunda sadəcə çökür.

Bunu Şi qeyd edib.

Trampın ultimatumu…

Ötən həftə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini yalan danışmaqda və müharibəni bitirmək istəməməkdə ittiham edib və ona Ukrayna ilə sülh razılaşması əldə etmək üçün 50 gün vaxt verib.

Əli Babayev