“Böyük Qayıdış yalnız bu günün deyil,..”
“Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbə, ölkənin yeni bir mərhələyə qədəm qoymasına şərait yaratdı. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması ilə dövlət qarşısında duran əsas məsələ bu ərazilərin bərpası, yenidən qurulması və sakinlərin təhlükəsiz şəkildə geri qaytarılması oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu məqsədlə hazırlanmış və hazırda uğurla icra olunan “Böyük Qayıdış” proqramı sadəcə bir köçürmə planı deyil, əslində Azərbaycanın gələcəyini müəyyən edən, çoxşaxəli və strateji əhəmiyyətə malik bir inkişaf konsepsiyasıdır: “Hazırda dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri sistemli şəkildə həyata keçirilir. Bu proses çərçivəsində ilk növbədə infrastrukturun – avtomobil yolları, dəmir yolları, enerji xətləri, su və kanalizasiya sistemləri, internet və rabitə şəbəkələrinin bərpası təmin olunur. Paralel olaraq, sosial infrastrukturun qurulması – məktəblərin, xəstəxanaların, mədəniyyət evlərinin, idman obyektlərinin tikintisi də davam edir. Artıq bir neçə bölgədə – Zəngilanın Ağalı kəndi, Laçın şəhəri, Füzuli rayonu və digər yaşayış məntəqələrində vətəndaşların köçürülməsi həyata keçirilib. Bu ailələrə müasir və rahat mənzillər təqdim olunub, eyni zamanda kənd təsərrüfatı, xidmət və digər sahələrdə məşğulluq imkanları yaradılıb. Beləliklə, geri dönən sakinlərin orada uzunmüddətli və sabit yaşaması üçün bütün şərait təmin edilir. “Böyük Qayıdış”ın yalnız iqtisadi və fiziki aspektləri deyil, eyni zamanda mənəvi və milli dəyərlər baxımından da böyük önəmi var. Bu torpaqlara qayıdış, uzun illər işğal altında qalan ərazilərimizdə həyatın yenidən canlanması, mədəniyyətimizin, tariximizin və milli kimliyimizin real şəkildə bərpasıdır. Bu, həm də düşmənin məqsədlərinə qarşı ən güclü cavabdır – torpaqların boş qalması ilə bağlı planlar iflasa uğrayıb.
Bu prosesin uğurla həyata keçirilməsi ölkənin gələcək inkişafına ciddi təkan verəcək. Qarabağ və Şərqi Zəngəzur regionları artıq təkcə hərbi-strateji deyil, həm də iqtisadi və logistik baxımdan böyük potensiala malikdir. Yeni yollar, dəmir yolu xətləri, hava limanları və sərhədyanı ticarət imkanları bu əraziləri regional əməkdaşlıq baxımından da önə çıxarır. Beləliklə, Böyük Qayıdış proqramı həm ölkədaxili sosial stabilliyə, həm də regional inteqrasiyaya müsbət təsir göstərir. Ən önəmlisi isə budur ki, bu proses dövlətin və xalqın birliyinin göstəricisidir. Azərbaycanın həyata keçirdiyi bu genişmiqyaslı layihə dünyaya bir mesaj verir: bu xalq öz torpaqlarına sahib çıxır, öz tarixini özü yazır və bu torpaqlarda yeni, müasir və firavan bir həyat qurur. Böyük Qayıdış yalnız bu günün deyil, gələcək nəsillərin taleyini müəyyən edən strateji addımdır”.