“Davamlı ailədaxili münaqişələr uşaqlarda özünə inamsızlıq yaradır”
“Ailədə baş verən dava-dalaş, söz-söhbət və mütəmadi münaqişələr uşağın psixologiyasına son dərəcə mənfi təsir göstərir. Ailə hər bir uşağın həyatında ilk və ən vacib sosial mühitdir. Uşaq bu mühitdə ilk dəfə sevgi, güvən, dəstək və münasibət anlayışları ilə tanış olur. Əgər ailə daxilində müsbət emosional atmosfer hökm sürürsə, uşaq da özünü təhlükəsiz və dəyərli hiss edir. Lakin əgər evdə daim mübahisə, qışqırıq və aqressiya müşahidə olunursa, bu, uşağın emosional sabitliyini pozur, qorxu, narahatlıq və gərginlik hissləri formalaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, uşaqlar yaşlarından asılı olmayaraq, valideynlər arasında baş verən gərginliyi çox yaxşı hiss edirlər. Hətta danışmağa başlamamış körpələr belə evdəki emosional ab-havanı duyur və buna uyğun reaksiya verirlər: “Uşağın valideynləri arasında baş verən münaqişələri müşahidə etməsi, onun təhlükəsizlik duyğusunu sarsıdır və nəticədə müxtəlif psixoloji pozuntular ortaya çıxa bilər. Bunlara yuxusuzluq, gecə enurezi (yataq islatma), iştahasızlıq, həddindən artıq susqunluq və ya əksinə, aqressiv davranışlar daxil ola bilər. Dava-dalaşın təsiri yalnız uşağın indiki psixoloji vəziyyəti ilə məhdudlaşmır. Bu cür mühitdə böyüyən uşaq gələcəkdə formalaşdıracağı münasibətlərdə də problemlərlə üzləşə bilər. Məsələn, uşaq valideynlər arasında hörmətsizlik, təhqir, fiziki və ya emosional zorakılıq müşahidə edibsə, bu cür münasibət modelini normal qəbul edə bilər və gələcəkdə ya zorakılığı qəbul edən, ya da tətbiq edən bir fərdə çevrilə bilər.
Bundan əlavə, davamlı ailədaxili münaqişələr uşaqlarda özünə inamsızlıq yaradır. Onlar özlərini dəyərsiz və lazımsız hiss edə bilərlər. Bəzən uşaqlar valideynləri arasındakı münaqişələrə görə özlərini günahkar bilirlər, bu isə dərin emosional travmalara yol aça bilər. Məhz bu səbəbdən bir çox uşaq məktəbdə dərslərə diqqət yetirməkdə çətinlik çəkir, yaşıdları ilə ünsiyyətə girmək istəmir və ya müəllimlərinə qarşı aqressiv davranışlar nümayiş etdirir. Ailədə olan münaqişələrin uşaq üzərindəki təsiri zamanla dərinləşə və xroniki hala keçə bilər. Bu isə uşağın həm psixoloji, həm də sosial inkişafına əngəl yaradar. Ona görə də valideynlər ailədaxili münasibətlərə xüsusi həssaslıqla yanaşmalı, mübahisə və fikir ayrılıqlarını uşaqların qarşısında deyil, sakit və nəzarətli şəkildə həll etməyə çalışmalıdırlar. Əgər bu mümkün deyilsə və vəziyyət nəzarətdən çıxırsa, mütləq şəkildə psixoloq dəstəyi alınmalıdır.
Unutmaq olmaz ki, sağlam ailə mühiti sağlam cəmiyyətin təməlidir. Valideynlər öz davranışları ilə uşaqlara həyat dərsi verirlər. Onlara sevgi, hörmət və anlayış göstərilən bir mühit təqdim etsək, uşaqlar da bu dəyərlərlə böyüyəcək və gələcəkdə sağlam, məsuliyyətli və empatiya qabiliyyəti yüksək fərdlərə çevriləcəklər. Ailə daxilində sülh və harmoniyanın qorunması təkcə valideynlərin deyil, bütövlükdə cəmiyyətin rifahı üçün mühüm əhəmiyyət daşıyır”.