“Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır”
“Azərbaycanın enerji siyasətində Suriya istiqamətinə qaz ixracının başlanması strateji baxımdan bir neçə mühüm üstünlük qazandırır. Bu addım, ilk növbədə, Azərbaycanın qaz ixrac coğrafiyasının şaxələndirilməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər əsas fokus Avropa bazarlarına yönəlmişdisə, indi Azərbaycan eyni zamanda Yaxın Şərq kimi mürəkkəb, lakin enerji baxımından perspektivli bazara daxil olur. Bu, Azərbaycanın “enerji diplomatiyası”nda yeni mərhələyə keçdiyini göstərir: “Bununla yanaşı, Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır. Azərbaycanın hazırda 12 ölkəyə qaz ixrac etdiyini nəzərə alsaq, Suriya bu siyahıya əlavə olunmaqla yeni regional enerji körpüsünün formalaşmasına təkan verəcək. Suriya təkcə son istehlakçı deyil, həm də gələcəkdə tranzit ölkəyə çevrilə bilər. Belə ki, Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası Azərbaycanın qazının Suriyadan keçməklə Misir və digər Şimali Afrika ölkələrinə çatdırılması perspektivini ortaya qoyur. Bundan başqa, Azərbaycanın bu bölgəyə qaz ixrac etməsi, ölkənin enerji sektoruna yeni sərmayələrin gəlməsinə səbəb ola bilər. Əgər Suriyadakı vəziyyət sabitləşərsə, Azərbaycanın burada enerji infrastrukturlarının qurulmasında iştirak etməsi mümkündür. Bu isə Azərbaycanın regional enerji təhlükəsizliyinə və sabitliyinə töhfə vermək imkanlarını artırır.
Azərbaycanla Suriya arasında bu enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də siyasi mesaj daşıyır: Azərbaycan münaqişədən çıxmış ölkələrin bərpasında rol almağa hazırdır və öz resurslarını bu məqsədlə səfərbər edə bilər. Beləliklə, qaz ixracı bir vasitə olaraq, Azərbaycanın beynəlxalq nüfuzunun və yumşaq gücünün daha da gücləndirilməsinə xidmət edir”.