“Onlar öz doğma yurdlarına qayıdaraq orada əbədi məskunlaşırlar”
“Bu gün Azərbaycan dövləti öz iqtisadi imkanları hesabına işğaldan azad olunmuş ərazilərdə sıfırdan quruculuq işləri həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu layihələr böyük meqa layihələr çərçivəsində aparılır: “Ərazilərin çoxu işğal dövründə vəhşicəsinə dağıdılıb, tamamilə yerlə-yeksan olunub. Xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan kimi rayonlarda şəhərlər, kəndlər, qəsəbələr və yaşayış obyektləri tamamilə məhv edildiyindən orada hər şey yenidən, sıfırdan inşa olunur.
Bu istiqamətdə həm yaşayış evləri, həm də sosial obyektlər – məktəblər, uşaq bağçaları, iş yerləri, zavod və fabriklər tikilir. Paralel olaraq çoxsaylı körpülər, tunellər və strateji obyektlər də istifadəyə verilir. Bu, Azərbaycanın iqtisadi və siyasi gücünü, dövlətin iradəsini bütün dünyaya nümayiş etdirir. Eyni zamanda “Böyük Qayıdış” prosesi də uğurla davam edir. Yeni salınmış şəhər, kənd və qəsəbələrə hər gün yeni sakinlər – keçmiş məcburi köçkünlər köçürülür. Onlar öz doğma yurdlarına qayıdaraq orada əbədi məskunlaşırlar.
Məlum olduğu kimi, son 5 ildə bu ərazilərdə artıq 3 beynəlxalq hava limanı istifadəyə verilib. Tikilən digər iri infrastruktur obyektləri ilə birlikdə azad olunmuş torpaqlar əsl cənnətə çevrilir. Bu proseslər Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti və qayğısı ilə həyata keçirilir. Onlar tez-tez bu bölgələrə səfər edir, tikinti və bərpa işlərinin gedişi ilə yerində tanış olurlar.
Xüsusilə qeyd edilməlidir ki, işğal zamanı ermənilər Azərbaycana məxsus tarixi abidələri və məscidləri dağıdıblar. Azərbaycan dövləti bu məsələdə də xoş məram nümayiş etdirir və həmin tarixi-mədəni irsin bərpası ilə ciddi şəkildə məşğul olur. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onun təşəbbüsü və dəstəyi ilə dağıdılmış tarixi abidələrin bərpası həyata keçirilir. Təbiidir ki, qarşıdakı illərdə də dövlətin müəyyənləşdirdiyi hədəflər istiqamətində bərpa və quruculuq işləri davam edəcək və daha çox sayda keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdışının şahidi olacağıq”.
Müəllif: Günel Fərzəliyeva