“Fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb”
“Plastik məmulatlarla bağlı mübarizə istiqamətində müəyyən təbliğat işləri aparılsa da, təəssüf ki, bu hələ də geniş ictimai nəticələr verməyib”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
Onun sözlərinə görə, əslində, bu sahədə həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif maarifləndirmə kampaniyaları, layihələr, sosial aksiyalar həyata keçirilir, mediada məlumatlandırıcı materiallar yayımlanır: “Lakin aparılan statistikalara və gündəlik müşahidələrə əsasən demək olar ki, bu cür təşəbbüslər insanların vərdişlərini dəyişdirmək baxımından gözlənilən effekti tam verə bilməyib.
Bu gün də mağaza və marketlərdə polietilen torbaların geniş şəkildə istifadəsinin davam etdiyini görmək mümkündür. Təbii və ya ekoloji cəhətdən zərərsiz torbalara keçidlə bağlı müəyyən təşviqat və tətbiqlər olsa da, bu proses hələlik tam başa çatmayıb. Hökumət tərəfindən torbalara müəyyən qiymət qoyulması bu istiqamətdə müsbət addım sayılsa da, insanlar hələ də bu torbaları almağa və gündəlik həyatlarında istifadəyə davam edirlər. Bu isə onların köklü alternativlərə üstünlük vermədiyini göstərir”.
İradə Həsənova bildirir ki, eyni vəziyyət plastik butulkaların istifadəsində də müşahidə olunur. Marketlərdə, ticarət obyektlərində daha çox plastik qablaşdırmada olan içkilər satışdadır. Plastik butulkaların, xüsusilə su qablarının qiymətinin şüşə qablarla müqayisədə daha ucuz olması, insanların bu məhsulları seçməsinə səbəb olur. Beləliklə, qiymət amili də plastik istehlakının artmasında mühüm rol oynayır.
Plastik tullantıların təbiətə təsiri isə artıq ciddi bir ekoloji problemə çevrilib. Zibil qutularında, küçələrdə, çimərliklərdə və digər ictimai yerlərdə çox zaman plastik butulkalar, sintetik qablar, polietilen torbalarla qarşılaşmaq olur. Bu tullantılar təbiətə və canlılara zərər verməklə yanaşı, şəhər estetik görünüşünü də pozur. Əhali arasında bu məsələ ilə bağlı fərdi məsuliyyət hissi hələ istənilən səviyyədə formalaşmayıb.
Bununla mübarizə asan deyil və əlbəttə, nəticə əldə etmək də qısa müddətdə mümkün olmayacaq. Lakin təmiz mühitin qorunması məqsədilə davamlı təmizlik aksiyalarının, təbliğat və maarifləndirmə tədbirlərinin aparılması, eləcə də alternativ məhsulların daha əlçatan və münasib qiymətə təqdim olunması, zamanla istənilən nəticəni verə bilər. Cəmiyyət olaraq bu məsələyə daha ciddi və məsuliyyətli yanaşmaq, hər bir fərdin bu prosesə töhfə verməsi vacibdir.