Rusiyanın Azərbaycan düşmənçiliyi bitmir…
Rusiya Federasiyasının son illərdə həm regional, həm də beynəlxalq siyasətdə yürütdüyü aqressiv kurs, postsovet məkanında yeni bir “işğalçı model”in formalaşmasına səbəb olub. Xüsusilə son günlər Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu, ABŞ ilə yüksək tərəfdaşlıq siyasəti, habelə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ABŞ Administrasiyası ilə aparılan səmərəli müzakirələr Moskvada ciddi qıcıqla qarşılanıb. Rusiyadakı azərbaycanlılara qarşı görülməmiş vəhşilik, AZAL təyyarəsinin vurulması ilə nəticələnən faciənin baş verməsi Kremlin Azərbaycana qarşı açıq düşmənçilik siyasətinin təzahürü idi. Bu siyasət Azərbaycanın maraqlarına, iqtisadi və diplomatik fəaliyyətinə qarşı yönəlmiş ardıcıl zərbələrlə özünü büruzə verir.
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri niyə vuruldu?
Azərbaycan neftinin Ukraynanın Odessa limanı vasitəsilə Avropaya çıxışı, eləcə də SOCAR-ın bu ölkədəki yanacaqdoldurma məntəqələrinin və ofislərinin geniş fəaliyyəti artıq uzun illərdir ki, regionda enerji təhlükəsizliyinə töhfə verir. Lakin son aylarda bu obyektlər ardıcıl şəkildə Rusiya raketlərinin hədəfinə çevrilir.
SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin növbəti dəfə raket atəşi nəticəsində dağıdılması və daha öncə Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına və SOCAR ofisinin qarşısına raketlərin düşməsi, bu aktların təsadüfi olmadığını göstərir. Bu, birbaşa Azərbaycanın Ukrayna ərazisindəki diplomatik və iqtisadi maraqlarına yönəlmiş təxribatdır.
AZAL təyyarəsinin vurulması – cavabsız qalan suallar…
Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması isə bu düşmənçiliyin daha bir acı nümunəsi kimi tarixə yazıldı. Rusiya bu hadisə ilə bağlı bu günə qədər aydın, qaneedici izahat verməyib. Bu isə Moskvanın məsuliyyətdən yayınma taktikasının və özünü “toxunulmaz güc” kimi təqdim etməyə çalışmasının göstəricisidir.
Yekaterinburqda azərbaycanlılara qarşı təxribat – daxili siyasətin ifadəsi
Yekaterinburqda baş verən hadisələr – azərbaycanlılara qarşı yönəlmiş qərəzli davranışlar, hüquq-mühafizə orqanlarının biganə münasibəti – Rusiyanın daxildə də Azərbaycana və azərbaycanlılara qarşı mənfi münasibətinin göstəricisidir. Bu hadisələr rəsmi dairələrin səssizliyi fonunda sanki təşviq olunur. Rusiya öz hərbi gücünü və siyasi təsir imkanlarını yalnız qorxu vasitəsi kimi istifadə edərək postsovet məkanını nəzarət altında saxlamaq niyyətini gizlətmir. Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlamasına siyasi və hərbi dəstək vermiş Moskva, indi də Ukraynada eyni siyasəti davam etdirir. Bu, Rusiyanı açıq şəkildə regionun ikinci işğalçı dövləti statusuna gətirir.
Və nəhayət ki, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinin Rusiya tərəfindən vurulması açıq şəkildə düşmənçilik siyasətinin davamıdır. Rusiya rəhbərliyi son addımı ilə bir daha isbatladı ki, bölgədəki sülh və inteqrasiya əvəzinə hədə-qorxu, düşmənçilik siyasətini öndə saxlayır. Lakin real siyasətin bizə aydın şəkildə göstərdiyi gerçəklik də odur ki, Rusiya hazırda bölgənin inkişaf və sülh məkanına çevrilməsi üçün aparılan sürətli və uğurlu prosesin qarşısını almaqda acizdir. Moskva acizliyini düşmənçiliyi alovlandırmaqla ortaya qoyur…
“SƏS” Analitik Qrupu