Münasibətlərimiz strateji tərəfdaşlıq modelinə yüksəldi
Mətləb Salahov: “Bu ilk növbədə Prezident İlham Əliyevin böyük ustalıqla hazırlayıb Vaşinqtonda reallaşdırdığı praqmatik siyasətdir”
“Azərbaycan avqustun 8-dəki Vaşinqton görüşündə əldə edilən razılaşma və ABŞ ilə strateji tərəfdaşlıqa nail olmaqla bir daha bölgənin əsas siyasi və iqtisadi aktoru olduğunu təsbit etdi. Onsuz da hər kəsə aydındır ki, tarix boyu Cənubi Qafqaz təkcə bölgə üçün deyil, həmçinin dünya siyasəti üçün də çox önəmli nöqtələrdən sayılıb. Həttda birinci dünya müharibəsi zamanındakı siyasi proseslərdə, habelə ikinci dünya müharibəsi və SSRİ-nin dağılmasından sonrakı mərhələdə baş verənlərdə bu bölgənin və əlaxüsus Azərbaycanın mühüm təsiri olub. Əvvəlcə Bakı neftinin, indi də artıq on ildən çoxdur ki, Azərbaycan qazının təkcə bu bölgədə deyil, həm də artıq Avropanın enerji təhlükəsizliyində oynadığı rol dünyada siyasətlə maraqlanan hər kəsə aydındır. Tam əminliklə deyə bilərik ki, Vaşinqton görüşündə ABŞ – Azərbaycan münasibətləri strateji tərəfdaşlıq modelinə yüksəlib. Bu isə ilk növbədə Prezident İlham Əliyevin böyük ustalıqla hazırlayıb Vaşinqtonda reallaşdırdığı praqmatik siyasətdir.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O xüsusilə qeyd edib ki, Vaşinqton Bəyannaməsi sadəcə bir diplomatik sənəd deyil. “Bu Bəyannamə ABŞ-Azərbaycan münasibətlərinin qarşıdakı illər üçün mükəmməl əməkdaşlıq proqramı da sayılmalıdır. Bu sənəd həmçinin müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsidir. Açıq-aydın siyasi reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik mərhələdə Azərbaycanın milli maraqlarını qoruyaraq regionun geosiyasi xəritəsini dəyişdi.
Vaşiqnton Bəyannaməsinin önəmini artıran, ikitərəfli münasibətlər üçün yeni səhifə açıldığına əminlik yaradan daha bir mühüm məqama diqqət edək. 1992-ci ildən bəri ABŞ tərəfindən Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin məhz avqustin 8-də ləğv edilməsi olduqca böyük siyasi qələbə sayılmalıdır. Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması sənədinin imzalanması Azərbaycan Prezidentinin hesabına yazılan mühüm uğurdur. Qeyd etmək lazımdır ki, həmin düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Beləliklə, həmin ədalətsiz qərarın da ləğv olunması ilə rəsmi Bakı və Vaşinqton arasında keyfiyyətcə yeni və strateji tərəfdaşlıq dövrü başlayır.”