“Neft tullantıları canlılar üçün yüksək təhlükəlidir”
“Balıqların və digər su canlılarının zəhərlənməsi əsasən neft tullantılarından qaynaqlanır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.
O bildirib ki, neftin tərkibində olan aromatik karbohidrogenlər, benzol, toluol, xilol və digər toksik maddələr canlıların sağlamlığı üçün son dərəcə təhlükəlidir: “Xüsusilə balıq kürüləri və digər həssas canlılar bu zəhərli maddələrə qarşı daha duyğusaldırlar. Bu toksinlər orqanizmlərə daxil olduqda onların inkişaf prosesləri tamamilə dayanır və ölüm halları sürətlə artır.
Dənizin dibində yaşayan molyusklar, xərçəngkimilər və digər kiçik orqanizmlər neft hissəciklərini udduqda, toksinlər qida zəncirinə daxil olur. Bu vəziyyət canlıların həyatını ciddi şəkildə təhlükə altına alır. Neftin ağır fraksiyaları suyun dibinə çökməklə, benzol və metan kimi maddələr canlı orqanizmlərin bədənində yığılır və nəticədə qida zəncirində biokimyəvi dəyişikliklər baş verir. Bu zəhərli maddələr zəncir boyunca yuxarı pillələrə – balıqlara, balıqlar vasitəsilə quşlara və ən sonda insanlara qədər yayılır. Bu proses ekosistemdə uzunmüddətli zərərli təsirlər yaradır.
Xəzər dənizində bu biokimyəvi çirklənmə ticarət məqsədli balıq ehtiyatlarının, xüsusən də nərəkimilərin sayının azalmasına səbəb olur. Eyni zamanda, neft sızmaları quşlar və sahil ekosistemlərinə də böyük ziyan vurur. Neft quşların lələklərinə yapışaraq onların istilik qoruma qabiliyyətini azaldır, bəzən isə tamamilə itirir. Bu səbəbdən quşlar hipotermiyadan və ya boğulmaqdan əziyyət çəkir və həyatdan köçürlər.
Sahil zonasında bitki örtüyü də zəhərlənmədən təsirlənir, bataklıq və qamışlıqlar kimi biotoplar zərər görür. Bu ekosistemin bərpası çox çətin və uzun müddət tələb edən prosesdir. Xəzər dənizinin qapalı su hövzəsi olması, su mübadiləsinin məhdud olması səbəbindən çirkləndirici maddələr burada uzun müddət qalaraq ziyanı daha da artırır. Dünyanın açıq okeanları ilə müqayisədə Xəzər dənizində belə çirklənmənin fəsadları daha ağır olur.
Qazaxıstan sektorunda belə hallar müşahidə edilir. 2024-cü ildə Qazaxıstan sektorunda təxminən 9 kvadrat kilometr ərazidə neft sızması nəticəsində yaranan “qara ləkə” müşahidə olunmuşdu. 2025-ci ildə isə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan sektorlarında birgə fəaliyyət nəticəsində yaranan neft sızmalarından əmələ gələn leykələrin ümumi ərazisi 64 kvadrat kilometrə çatmışdır. Bu rəqəmlər Xəzər dənizinin ekoloji vəziyyətinin nə qədər həssas olduğunu və davam edən çirklənmənin əhatə dairəsinin genişləndiyini göstərir. Bu problem regional əhəmiyyət kəsb edir və dərhal diqqət və tədbirlər tələb edir”.