“Vaşinqton görüşü ilə Azərbaycanın beynəlxalq siyasətdə rolu artdı”
“Vaşinqton səfəri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir hadisə oldu”. Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.
O bildirib ki, Prezidentin bu səfəri, müəyyən mənada, regionla bağlı bəzi dövlətlərin məkrli planlarının qarşısını aldı. Əlbəttə, Vaşinqton səfərinə gedən yol artıq Azərbaycan tərəfindən reallıq kimi formalaşdırılmışdı: “2022-ci ildə baş vermiş ikinci Qarabağ savaşı və ondan sonrakı mərhələlər bizi bu diplomatik uğura – Vaşinqtondakı görüşə – gətirdi.
Bu görüşlə Azərbaycan öz əldə etdiyi nailiyyətləri beynəlxalq səviyyədə təsdiqləmiş oldu və hesab edirəm ki, prezidentin bu uğurlu diplomatik addımı bizi həm regional, həm də qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması prosesində önəmli mövqeyə gətirib çıxardı. Vaşinqton anlaşması həm Ermənistan-Azərbaycan münasibətləri baxımından, həm də Amerika ilə Azərbaycan arasında yeni münasibətlər mərhələsi olaraq böyük əhəmiyyət daşıyır.
Azərbaycan-ABŞ münasibətlərində 30 ildən artıq müddətdə mövcud olmuş müxtəlif məhdudiyyətlər və sanksiyalar aradan qaldırıldı. Bu, ikitərəfli əlaqələrdə strateji tərəfdaşlığın əsaslarının qoyulması və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün böyük addımdır. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında imzalanmış müqavilə regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu sənəd həm regiondakı gərginliyi azaldır, həm də xarici dövlətlərin müdaxilələrinin qarşısını almağa imkan verir.
Əvvəllər bölgədə mövcud olan müxtəlif təhdidlər – Rusiyanın, İranın və Avropa dövlətlərinin maraq və təsir dairələri – Azərbaycanın diplomatik müstəqilliyi və fəallığı sayəsində müəyyən qədər neytrallaşdırılıb. Bu proseslər nəticəsində Azərbaycan ciddi təhlükələrdən uzaqlaşaraq yeni inkişaf və əməkdaşlıq yolları açmışdır.
Bütün bu hadisələr Azərbaycan dövlətinin və siyasi rəhbərliyinin maraqlarını qorumaq baxımından əsaslı və prinsipial uğurlardır. Mən inanıram ki, bundan sonra Azərbaycan diplomatiyası regional və qlobal siyasətdə öz mövqeyini daha da gücləndirəcək və dünya dövlətləri arasında önəmli aktor kimi mövcudluğunu qoruyub saxlayacaq. Bu istiqamətdə heç bir tərəddüd yoxdur”.