Siyasət

“Bölgədə inqilabi dəyişikliklərin başlanğıcı qoyuldu”


“Azərbaycan Prezidentinin ABŞ səfəri bir neçə çox mühüm hadisənin başlanğıcını qoydu”. Bu barədə siyasi ekspert Abutalıb Səmədov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, birinci mühüm hadisə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin layihəsinin paraflanmasıdır: “Yəni bundan sonra mətn dəyişdirilə bilməz. Yaxın zamanlarda, çox güman ki, Ermənistanda parlament seçkiləri keçirildikdən və yeni konstitusiya qəbul olunduqdan sonra sülh sazişi imzalanacaq”.

Abutalıb Səmədov ikinci mühüm hadisənin Minsk prosesi ilə bağlı qurumların ləğv olunması olduğunu vurğulayıb: “Söhbət Minsk konfransı və Minsk qrupundan gedir”.

Üçüncü mühüm hadisə kimi Zəngəzur dəhlizinin açılması və bu dəhlizin 99 il müddətinə ABŞ-a icarəyə verilməsi qeyd olunub: “Bu, çox böyük geosiyasi dəyişikliklərin başlanğıcıdır. Əsasən Rusiyanın və İranın bölgədə nüfuzunun azalmasına xidmət edən bir addımdır. Təbii ki, onlar da buna müqavimət göstərəcəklər”.

Ekspert digər mühüm dəyişiklik kimi 709-cu düzəlişin ləğv olunmasını qeyd edib: “Uzun illərdir bu düzəlişin ləğv olunması mümkün olmurdu. Ancaq Tramp administrasiyasının qəti mövqeyi bu düzəlişin yaxın zamanda ləğv olunacağına ümidləri artırır”.

Abutalıb Səmədov əlavə edib ki, növbəti mühüm dəyişiklik ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin hazırlanmasına başlanmasıdır: “Çox güman ki, yaxın zamanlarda bu proses uğurla yekunlaşacaq və iki ölkə arasında çox mühüm strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq”.

Həmçinin, Vaşinqton görüşünün bölgəmizdə inqilabi dəyişikliklərin əsasını qoyduğunu deyib: “Burada çox şey ABŞ və Ermənistanın tutacağı qəti mövqedən asılı olacaq. Əgər İranın, Rusiyanın və ola bilsin Hindistanın təzyiqləri qarşısında Ermənistan davam gətirə bilməsə, ABŞ sənədləri imzaladıqdan və ilin sonunda Tramp seçkidə qələbə qazandıqdan sonra indiki məqsədyönlülük göstərilməsə, təbii ki, bölgədə arzulanan dəyişikliklərə nail olmaq çətin olacaq”.