“Gələcək üçün enerji texnologiyaları inkişaf edir”
“Enerji qənaəti və alternativ enerji növləri ölkənin inkişafı və ekoloji tarazlığın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. 2022-ci ildə bu mövzuda araşdırma aparmışam, bir sıra stansiyalara səfər etmişəm. Məlumatlarım həmin dövrə aiddir, lakin düşünmürəm ki, bu sahədə ciddi dəyişikliklər baş versin. Bildiyimə görə, ölkədə yeni stansiyalar tikilir, lakin hazırda onların cari vəziyyəti barədə ətraflı məlumatım yoxdur. Qarabağ bölgəsində tikilən stansiyalar barədə isə araşdırma aparmaq mümkün olmadı, çünki səfərimə icazə verilmədi. Yenə də orada ciddi enerji obyektlərinin qurulması davam edir və mən bu prosesləri izləyirəm”.Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri, həmçinin yaşıl enerji, insanların istifadəsi üçün təbii olaraq mövcud olan və tükənməz enerjidir: “Bu enerji mənbələri təbiətdə daim mövcuddur və insanların ehtiyaclarını ödəmək üçün istifadə olunur.
Bir neçə bərpa olunan enerji növü mövcuddur: su enerjisi, günəş, külək, biokütlə, geotermal bulaqlar və geotermal energetika. Lakin ölkəmizdə bu mənbələrin hamısından istifadə olunmur. Dünya təcrübəsinə baxdıqda, 2019-2020-ci illərdə Avropada ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı 35% olmuşdur. Çində bu göstərici 27%, Hindistanda 21%, ABŞ, Rusiya və Yaponiyada isə təxminən 18% təşkil etmişdir. Hazırda Avropanın ev təsərrüfatları və iş mərkəzləri əsasən günəş və külək enerjisindən istifadə edir, bəzi ölkələrdə isə enerji istehsalının 50%-dən çoxu bərpa olunan enerji mənbələrinə əsaslanır.
Son illərdə Azərbaycan hökuməti alternativ enerji mənbələrindən istifadəni genişləndirməyə, qiymətli yanacaqlara qənaət etməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. “Yaşıl enerji” texnologiyaları dünyada sürətlə inkişaf edir və gələcəkdə ətraf mühit üçün zərərli olan atom elektrik stansiyalarını əvəz edə biləcək potensiala malikdir. Hazırda Azərbaycanda bərpa olunan enerji növlərinin bir neçə forması aktiv şəkildə istifadə olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının institutları və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hidrometeoroloji ölçmələr əsasında ölkədə bərpa olunan enerji mənbələrinin inkişaf xəritələri hazırlanmışdır. 2016-cı ildə külək enerjisi xəritəsi, 2017-ci ildə isə günəş enerjisi xəritəsi hazırlanmışdır. Hazırda ölkədə külək enerjisinin gücü 66,74 MVt olan 7 stansiya fəaliyyət göstərir və bunlardan biri hibrid stansiyadır. Günəş enerjisi sahəsində isə gücü 54,863 MVt olan 9 stansiya mövcuddur.
Azərbaycan hökuməti 2016-cı ildə Paris Sazişini imzalayaraq qlobal temperatur artımını Selsi şkalası ilə iki dərəcə səviyyəsində saxlamağa öhdəlik götürmüşdür. Bu öhdəliyə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35% azaltmaq hədəflənmişdir.
Hazırda ölkəmizdə günəş və külək stansiyaları ən çox perspektivə malik enerji mənbələri hesab olunur. Xüsusilə günəş enerjisi stansiyalarının fermer təsərrüfatları və kənd təsərrüfatı obyektləri üçün istifadəyə verilməsi iqtisadiyyatın inkişafına ciddi təsir göstərə bilər. Bu, enerji qənaətinə, ekoloji balansın qorunmasına və kənd təsərrüfatı məhsuldarlığının artmasına imkan yaradar”.