Siyasət

Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib


Azərbaycan Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda “NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya” (STRATCOM) mövzusunda kurs keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib. Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb, eləcə də Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olublar.

Kursun keçirilməsində əsas məqsəd dinləyicilərə strateji kommunikasiyanın rolunu izah etmək, informasiya əməliyyatlarında koordinasiyanı artırmaq, əməliyyat mühitində iştirakçı tərəflərin kommunikasiya planı qurma və tətbiqi bacarıqlarını inkişaf etdirmək, müttəfiq ölkələr, eləcə də qurumlar arasında vahid yanaşma prinsipini göstərmək və silahlı münaqişələr zamanı informasiya mübarizəsində hazırlığı artırmaqdan ibarətdir.