“Azad olunan ərazilərdə bərpa işləri uğurla davam edir”
“44 günlük Vətən müharibəsinin bitməsindən sonra Azərbaycan Prezidenti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinin həyata keçirilməsi, həmçinin Böyük Qayıdışın təmin edilməsi məqsədilə dövlət proqramı qəbul olunub. Bu proqrama uyğun olaraq həmin ərazilər yenidən bərpa edilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, infrastruktur layihələri həyata keçirilir, yollar salınır, digər mühüm kommunal xidmətlərin təminatı məsələləri öz həllini tapır, gələcəkdə ərazidə yaşayan əhali üçün rahat yaşam şəraiti yaradılır: “İnfrastruktur layihələrinin həyata keçirilməsindən əvvəl, ilk növbədə təhlükəsizlik məsələləri həll olunmalıdır. Bildiyimiz kimi, 30 illik işğal dövründə Ermənistan ordusu Azərbaycan ərazilərində müxtəlif üsullarla təxminən 1 milyona yaxın mina yerləşdirib ki, bu da ciddi təhlükə yaradır.
Heç təsadüfi deyil ki, savaşın bitdiyi dövrdən bu günə qədər 400-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Bu ağır vəziyyətlə mübarizə aparmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edib. Artıq minlərlə hektar ərazi minalardan təmizlənib, lakin proses hələ də davam edir.
Həmin ərazilərə qayıdan insanların işlə təmin olunması məsələləri həll olunur və davam etdirilir. Bundan əlavə, bölgədə iş adamları və şirkətlərin fəaliyyəti üçün imtiyazlı şərait yaradılır. Enerji təminatı ilə bağlı layihələr artıq icra olunur; 30-dan artıq hidroelektrik stansiya bərpa edilib, külək və günəş enerji stansiyalarının qurulması isə davam edir. Gələcəkdə alternativ enerji imkanları daha da genişləndiriləcək.
İnkişaf üçün ciddi addımlar atılır: su anbarlarının bərpası həyata keçirilir, suvarma və irriqasiya sistemləri qaydaya salınır. Həmçinin həmin ərazilərdə azad iqtisadi zonalar yaradılıb ki, bu da biznes fəaliyyətinin inkişafı üçün ciddi stimul rolunu oynayır.
Dövlət proqramı çərçivəsində bütün nüanslar nəzərə alınır və həyata keçirilməlidir, çünki həmin ərazilər yaşayış üçün son dərəcə uyğundur. Proses sürətlə davam edir və artıq 50 minə yaxın soydaşımız ata-baba yurdlarına qayıdıb, işlə təmin olunub.
Nəzərə alsaq ki, 2026-cı ilin sonuna qədər bu ərazilərdə yaşayanların sayı 140 minə çatmalıdır və 2040-cı ilə qədər proqramın icrası tamamlanacaq, demək olar ki, proqram mərhələli şəkildə nəzərdə tutulduğu vaxt ərzində uğurla həyata keçiriləcək”.