Sosial

“Aqressiyanın mənbəyini valideynlər anlamalıdır”


“Uşaqların davranışlarına təsir edən amillər təkcə cizgi filmləri ilə məhdudlaşmır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bədii filmlər, ətraf mühitdə baş verən hadisələr, şəkillər, ətrafdakı insanların aqressiyası, həmçinin cizgi və bədii filmlərdə, reklamlarda göstərilən aqressiya uşaqların psixologiyasına təsir göstərir: “Əgər uşaq danışıq yaşındadırsa və ya yaş həddi ondan yuxarıdırsa, bu təsir daha da güclü olur.

Xüsusilə uşaqların xarakterinin formalaşdığı dövrdə bu amil çox önəmlidir. Məsələn, cizgi filmlərindəki qəhrəmanlara uşaqlar özlərini bənzədirlər. Əgər bu qəhrəmanlar mənfi obrazlardırsa, uşaq onların etdiyi hərəkətləri və davranışları şüuraltı şəkildə mənimsəyir və öz həyatına tətbiq etməyə başlayır.

Valideynlər bəzən görürlər ki, uşaqda aqressiya var, amma bunun mənbəyini anlaya bilmirlər. Bu səbəbdən mən hər zaman deyirəm ki, uşaqlar cizgi filmi izləyərkən valideynlər də onlarla birlikdə baxmalıdır. Valideynlər uşağın hansı cizgi filmlərinə baxdığını izləməli, oradakı obrazları müzakirə etməli və qəhrəmanların davranışlarını analiz etməlidirlər.

Valideyn övladı ilə bu mövzuda söhbət aparmalıdır ki, uşaq mənfi bir obrazı öz həyat tərzinə çevirməsin. Əgər uşaq mənfi bir davranışı mənimsəməyə çalışırsa, valideyn bunu vaxtında fərq edib qarşısını ala bilməlidir. Bu, uşağın gələcək xarakterinin və şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır”.