“Razılaşmalar regionda güclərə mesajdır”
“Azərbaycan Prezidentinin Vaşinqtona səfəri və burada əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir. İlk növbədə qeyd etmək lazımdır ki, Vaşinqtondakı görüşlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı sənədlərin hazırlanması üçün xüsusi işçi qrupu yaradılıb və onlara konkret tapşırıqlar verilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, ABŞ Prezidenti 907-ci düzəlişi ləğv edib. Bu, Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır və bundan sonra tərəflər arasında münasibətlər çoxşaxəli olacaq: “Bu əməkdaşlıq enerji təhlükəsizliyi, müdafiə sənayesi, süni intellekt, ticarət, logistika, nəqliyyat və digər sahələri əhatə edəcək. Bu kifayət qədər ciddi və əlamətdar bir hadisədir.
Həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ratifikasiya prosesi baş tutub və burada Azərbaycan və Ermənistan liderləri ilə bərabər ABŞ da sənədi imzalayıb. Bu da ciddi siyasi əhəmiyyət daşıyır. Məhz bu sənədin ABŞ-da imzalanması regionda marağı olan digər güclərə və prosesi pozmaq istəyənlərə mesaj kimi dəyərləndirilə bilər.
Bundan başqa, uzun müddətdir Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya aparan və bunun üzərindən bölgədə təzyiq rıçaqları saxlamaq istəyən güclərə də mesaj verilib və dəhlizin açılması ilə bağlı anlaşma imzalanıb. Bütün bunlar kifayət qədər ciddi məsələlərdir və bu razılaşmalar regionda maraqları və fərqli niyyətləri olan güclərə açıq mesaj kimi qəbul edilə bilər”.