Sosial

Boşanma zamanı qadına taxılan qızıllar kimdə qalır?


“Nikah pozulduqda, əmlakın bölgüsü zamanı tərəflər arasında cehiz və ziynət əşyaları ilə bağlı mübahisələr tez-tez yaranır. Lakin Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir”. Bunu vəkil Zibeydə Sadıqova SİA-ya açıqlamasında bildirib:

Həmçinin,ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur: “Yəni, belə əşyalar həmin şəxsin şəxsi mülkiyyəti sayılır və boşanma zamanı əmlak bölgüsünə daxil edilmir. Ziynət əşyaları da hədiyyə kimi verildiyinə görə, qadına nikah dövründə və ya əvvəl verilibsə, boşanma zamanı onun özündə qalır”.

“Təcrübədə rast gəlinən hallarda, bəzi qadınlar evdən çıxarkən qızıllarını götürə bilmirlər. Lakin məhkəmə prosesi nəticəsində həmin ziynət əşyalarının qadına qaytarılmasına qərar verilir. Vəkil olaraq tövsiyə edirəm ki, əmlakın bölgüsündə hər iki tərəf mümkün anlaşmazlıqları öncədən nəzərə alsın və hədiyyə kimi verilmiş əşyaların sənədləşdirilməsi məsələsinə diqqət yetirsin”, – deyə Zibeydə Sadıqova vurğulayıb.