İyulda Fransa Azərbaycandan 82 minə tona yaxın neft idxal edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 81 min 701,93 ton xam neft ixrac edilib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 41 milyon 316,86 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Fransaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 8,9 %, dəyəri isə 27,6 % azalıb.
Ötən 7 ay ərzində Azərbaycandan Fransaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,56 % olub.
Bu il ərzində ilk dəfə iyul ayında Azərbaycandan Fransaya neft ixracı həyata keçirilib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 470 min 571,55 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 660 milyon 230,09 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.