“Rusiyanın Azərbaycana məxsus enerji obyektlərini vurması düşmənçilik aktıdır”
“Rusiyanın Ukraynada Azərbaycana məxsus enerji obyektlərini vurması hadisəsi beynəlxalq münasibətlər və regional təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır. Bu hadisəni sadəcə təsadüfi hücum kimi qiymətləndirmək mümkün deyil, çünki enerji obyektləri hər bir ölkənin iqtisadi, siyasi və strateji maraqları ilə sıx bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici investisiyaları və enerji layihələri yalnız iqtisadi sahəni əhatə etmir, həm də ölkənin beynəlxalq nüfuzunu və geosiyasi çəkisini müəyyən edən mühüm amillərdir. Bu baxımdan, enerji obyektlərinə qarşı yönəlmiş hücumlar düşmənçilik aktı kimi qiymətləndirilə bilər və ölkənin milli maraqlarına birbaşa təhdid təşkil edir: “Məsələyə geniş perspektivdən baxdıqda, bu addımın Rusiyanın regiondakı siyasi maraqları ilə bağlı olduğu müşahidə olunur. Xüsusilə Azərbaycanın Avropa bazarlarına qaz ixracını artırdığı və enerji əməkdaşlığını genişləndirdiyi bir dövrdə belə hadisələrin baş verməsi təsadüfi hesab edilə bilməz. Bu, Azərbaycanın enerji siyasətinə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilir və regional güc balansına təsir etməyi hədəfləyir. Eyni zamanda, bu cür hücumlar Azərbaycanın beynəlxalq hüquqi müstəvidə öz maraqlarını qorumaq üçün fəal və adekvat mövqe tutmasını tələb edir. Azərbaycan həm diplomatik kanallardan istifadə etməli, həm də beynəlxalq təşkilatlarda bu məsələləri gündəmə gətirməlidir. Çünki enerji obyektlərinə qarşı yönəlmiş hər hansı hücum təkcə iqtisadi maraqlara deyil, həm də regional təhlükəsizliyə ciddi təhdid yaradır və ölkənin strateji təhlükəsizlik maraqlarını hədəfə alır.
Sosial və siyasi baxımdan da baş verənlər ölkəyə dost və düşmən münasibətlərinin daha aydın görünməsi üçün siqnal rolunu oynayır. Əgər bir dövlət Azərbaycanın enerji infrastrukturlarına məqsədli şəkildə zərbə endirirsə, bu, diplomatik dillə deyil, həmçinin beynəlxalq hüquq baxımından da düşmənçilik aktı kimi qiymətləndirilə bilər. Belə şəraitdə Azərbaycanın milli maraqlarını qorumaq üçün həm siyasi, həm də hüquqi müstəvidə adekvat cavab verməsi vacibdir. Bu hadisələr Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirmək, strateji maraqlarını müdafiə etmək və enerji siyasətini qorumaq üçün zəruri addımlar atmasını labüd edir. Bu baxımdan, ölkənin enerji obyektlərinə edilən hücum yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik aspektindən ciddi qiymətləndirilir”.