“İctimai nəzarət təbiəti qorumağın əsas vasitəsidir”
“Təbiyyətə ziyan vuran məsələlərin nəzarəti, bildiyimiz kimi, dövlət tərəfindən çox güclü şəkildə həyata keçirilir. Xüsusilə də bu nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təmin olunur. Məsələn, meşələrin mühafizəsi ilə bağlı bu nazirliyin xüsusi şöbələri və qurumları mövcuddur ki, onlar daim bu sahəyə nəzarət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
Onun sözlərinə görə, Digər tərəfdən, insanların öz ictimai qınağı və nəzarəti də güclü olmalıdır. İctimai nəzarət hər bir vətəndaşın borcudur: “Ola bilər ki, hansısa dövlət qurumu, məsələn, Nazirlik baş verənləri bilməsin. Bu halda vətəndaşlar məsuliyyətli davranmalı, gördüklərini bildirməli və reaksiya verməlidirlər.
Ətraf mühitimizi və təbiətimizi qorumaq hər bir insanın vətəndaşlıq borcudur. İnsanlar bu sahədə fəal olmalı və ciddi mübarizə aparmalıdırlar. Başqa sözlə, ictimai nəzarətin və ictimai qınağın gücləndirilməsi vacibdir, əsas məsələ də məhz bundan ibarətdir.
Ümid edək ki, nəzarətdən çıxan hallar baş verməyəcək və hər şey daha yaxşı olacaq. Cənab Prezident də çıxışlarında daim vurğulayır ki, ətraf mühitin qorunması çox vacib və önəmli məsələdir. O, bu istiqamətdə yeni qanunların qəbulunun tərəfdarıdır və bu sahədə böyük işlər görülür. COP29-un keçirilməsi də əslində təbiətə ziyan vuran insanlara qarşı mübarizə məqsədi daşıyır. Karbon qazının artması və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində geniş tədbirlər planlaşdırılır və həyata keçiriləcək.
Buna görə də yalnız dövlət qurumları deyil, vətəndaşların özləri də bu sahədə maraqlı olmalı və təşəbbüs göstərməlidirlər. Media da bu məsələdə mühüm rol oynayır və insanların maarifləndirilməsi baxımından vacib işlər görür və gələcəkdə də görəcək.
Bir daha vurğulamaq istəyirəm ki, ictimai qınağın və ictimai nəzarətin gücləndirilməsi əsas məsələdir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu istiqamətdə ciddi nəzarət həyata keçirir və mühüm işlər görür”.