“Prezident İlham Əliyevin Kəlbəcərdəki açılışları bölgənin inkişafına təkan verir”
“Kəlbəcərdə Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilmiş açılışlar və əsası qoyulmuş yeni obyektlər bölgənin strateji, sosial-iqtisadi və turistik inkişafında mühüm rol oynayır. Bu obyektlərin ümumi mənzərəsi göstərir ki, Kəlbəcərdə aparılan işlər təkcə lokal səviyyədə deyil, ümumölkə miqyasında da əhəmiyyətli nəticələr ortaya çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ilk növbədə məskunlaşmanın sürətlənməsi diqqət çəkir. Yeni infrastruktur və sosial obyektlərin istifadəyə verilməsi insanların Kəlbəcərə könüllü şəkildə qayıtmaq və burada yaşamaq istəklərini artırır. Bu isə bölgənin sosial həyatının canlanmasına, demoqrafik bərpanın təmin olunmasına və həyatın normal axarına dönməsinə şərait yaradır: “Eyni zamanda, təhlükəsizliyin və abadlığın gücləndirilməsi də önəmli nəticələrdəndir. İnfrastruktur layihələri, yaşayış və sosial obyektlərin inşası Kəlbəcərin daha təhlükəsiz, müasir standartlara uyğun və yaşayış üçün əlverişli bir məkana çevrilməsinə xidmət edir. Bu amil həm də sərhəd bölgəsində strateji sabitliyin qorunmasına mühüm töhfə verir. Digər tərəfdən, Kəlbəcərin zəngin təbii sərvətləri və əlverişli relyefi iqtisadi imkanların genişlənməsi üçün mühüm potensial yaradır. Görülən quruculuq işləri bu resurslardan daha səmərəli istifadəyə şərait açır və bölgənin iqtisadi dövriyyəyə qoşulmasını sürətləndirir. Xüsusilə turizm imkanlarının inkişafı perspektiv baxımından böyük əhəmiyyət kəsb edir. Yeni yolların, kommunikasiya xətlərinin və turistik obyektlərin yaradılması Kəlbəcəri Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevirmək potensialına malikdir. Bu, həm daxili, həm də xarici turistlərin bölgəyə marağını artıracaq, turizm sektorunda yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın canlanmasına şərait yaradacaq.
Bütün bunlarla yanaşı, Kəlbəcərdə aparılan işlər geosiyasi və strateji əhəmiyyətə də malikdir. Sərhəd bölgəsində həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi ölkənin müdafiə qabiliyyətini gücləndirir, milli təhlükəsizliyin təmin olunmasına əlavə imkanlar yaradır və Azərbaycanın suverenliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri çərçivəsində həyata keçirilmiş açılışlar və təməlqoyma mərasimləri yalnız sosial rifah və iqtisadi inkişaf baxımından deyil, həm də strateji təhlükəsizlik və milli birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirdiyi uğurlu yenidənqurma siyasətinin bariz nümunəsidir”.