Siyasət

“Azərbaycanın öz gücünə inamı Böyük Qayıdışın təminatıdır”


“Böyük Qayıdış proqramı Azərbaycanın ən strateji layihələrindən biridir və bu prosesdə əsas hərəkətverici qüvvə məhz Bakının siyasi iradəsi və iqtisadi imkanlarıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu işdə heç kimdən asılı deyil və böyük quruculuq addımlarını müstəqil şəkildə atır: “Amma beynəlxalq tərəfdaşlıq layihəyə əlavə güc və dəstək gətirə bilər. Xarici siyasi dəstək həm maliyyə resursları, həm də texnoloji təcrübənin tətbiqi baxımından əhəmiyyətlidir. Lakin burada prioritet Azərbaycanın milli maraqlarıdır. Heç bir tərəfdaş ölkənin suveren qərarlarına təsir imkanına malik ola bilməz.

Əsas risklərdən biri xarici oyunçuların bu layihəni öz geosiyasi maraqları üçün istifadə etməyə çalışmasıdır. Ermənistan və bəzi qüvvələr bu quruculuq prosesini gözdən salmaq üçün təxribatlar törədə bilər. Digər risk isə beynəlxalq fondların şərtli maliyyələşmə təklifləridir. Azərbaycan belə şərtlərə getmədən öz gücü ilə Böyük Qayıdışı həyata keçirir.

İmkanlara gəldikdə isə, beynəlxalq əməkdaşlıq infrastrukturun daha sürətli inkişafına yardım edə bilər. Xarici şirkətlərin iştirakı yeni texnologiyalar və təcrübə gətirə bilər. Həmçinin bu, regionda sabitliyi möhkəmləndirən bir siyasi siqnal rolunu oynayır. Azərbaycanın müstəqil siyasəti ilə tərəfdaş dəstəyi arasında balans qorunduqca, nəticə uğurlu olacaq.

Ən böyük üstünlük isə xalqın dövlətinə güvəni və qayıdış iradəsidir. Bu iradə hər bir xarici təsirdən güclüdür. Azərbaycanın öz gücünə inamı Böyük Qayıdışın əsas təminatıdır”.