Yuxusuzluğun gənclərin həyatına təsiri
“Yuxu insan üçün sadəcə dincəlmək deyil, bədənin və beynin yenilənməsi üçün vacib prosesdir. Normal yatmayan adam həm gündəlik işində, həm də sağlamlığında ciddi problemlərlə üzləşə bilər”.Bu sözləri SİA-ya açıqlamasında terapevt Pənah Pənahov deyib.
Onun sözlərinə görə,gənclər çox vaxt dərs, imtahan və sosial həyat üzündən az yatırlar: “Bunun nəticəsində diqqət zəifləyir, yaddaş pisləşir, əsəbilik və stress artır. İmmunitet də zəiflədiyi üçün belə gənclər daha tez-tez xəstələnirlər.Orta yaşlı və xroniki xəstəlikləri olan insanlarda yuxusuzluq daha təhlükəlidir: təzyiq qalxır, ürək-damar xəstəliklərinin riski artır, şəkərli diabeti olanlarda vəziyyət pisləşə bilər.Gecə növbəsində işləyənlər, sürücülər və ağır iş rejimində olan insanlarda yuxusuzluq qəzaları sayını artırır.Bəzi dərman preparatları – məsələn, antidepressantlar, antihistamin( allergiyaya qarşi), ürək üçün və astma dərmanları yuxusuzluq yarada bilər. Belə hallarda mütləq müalicə həkimi ilə məsləhətləşmək lazımdır”.
Terapevt yuxusuzluğun problem kimi görünməməsini,lakin davam edəcəyi halda gələcəkdə ciddi xəstəliklərə yol aça biləcəyini deyib:”Yuxusuzluğun qarşısını almaq üçün hər gün eyni saatda yatmaq, telefondan və kompüterdən axşam az istifadə etmək, qəhvə və enerji içkilərindən uzaq durmaq lazımdır. Əgər yuxusuzluq uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir.