Xəzərə açılan iki qapı
Avaza şəhərində Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə ölkələrimizin Xəzər dənizi ilə birləşdiyini deyib və ikitərəfli görüşün məhsuldar olacağına əmin olduğunu bildirib. Bildirilib ki, ikitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır. Bu isə eyni regionda yerləşən üç ölkənin qardaş xalqları arasında gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq. “Öz adımdan, Prezidentin və bütün Türkmənistan xalqının adından bir daha qeyd etmək istəyirəm ki, Sizin səfəriniz bizim üçün bayramdır, sevindirici xəbərdir. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm”, deyə Berdiməhəmmədov xüsusi olaraq vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü, minnətdarlığını bildirib. Xatırladıb ki, keçən ay Bakıda, Füzulidə, Şuşada görüşlər keçirildi və iki ölkə arasındakı dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar. İlham Əliyev Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsini çox yüksək qiymətləndirib. Xalqlarımızın ortaq tarix, mədəniyyət, dil və dinin birləşdirdiyini qeyd edib, qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsinin çox böyük məna daşıdığını, bunun çox böyük faydası və gözəl nəticələri olacağını vurğulayıb.
Yüksəksəviyyəli və təkbətək görüşlər
Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib və bir sıra sənədlərin imzalanması mərasimi olub. Sonra hər üç ölkənin lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidentini və nümayəndə heyətinin üzvlərini salamlayan Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısına dəvəti qəbul edib gəldiyinə görə minnətdarlıq edib: “Bu ilin iyulunda Azərbaycana səfərim çərçivəsində mənə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycanın gözəl, mənzərəli yerlərini ziyarət etdim. Səfər zamanı mühüm məsələlər müzakirə olundu. Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Biz bu məsələləri indiki görüş əsnasında da müzakirə edəcəyik”.
Türkmənistan Xalq Məsləhətinin sədri qeyd edib ki, bugünkü danışıqlar münasibətlərimizə təkan verir: “Bu görüş çərçivəsində əməkdaşlığın mühüm məsələlərini nəzərdən keçiririk. Münasibətlərimiz əməkdaşlığın yüksək səviyyəsinə çatır, onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürəcəyik.
İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var. Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin – xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qardaş türkmən xalqına səmimi salamlarını çatdırıb: ”Biz Sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarixi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz Sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Mən artıq Sizə bildirdim ki, Avazanın inkişafı Sizin adınızla bağlıdır, Sizin əsərinizdir. Bu müasir, gözəl şəhər, əslində, Türkmənistanda gedən genişmiqyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl Sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar Sizin fəaliyyətinizin nəticələridir.
Qeyd etdiyiniz kimi, biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Mən əminəm ki, dediyiniz bütün sahələr – energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var. Sizin səfərinizdən sonra Hökumətlərarası Komissiyanın iclası olmuşdur. Orada bir çox məsələlər müzakirə edilib, gözəl nəticələr əldə olunub və biz bir neçə məsələni də bu gün burada müzakirə edəcəyik.
Eyni zamanda, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var – Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb – müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var. Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan – qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır”.
Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olunub, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulanıb. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirilib.
Dövlətimizin başçısı avqustda Türkmənistanda BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb, bu tədbirdə Azərbaycanın yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və əldə olunan nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək. Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunulub. Bu xüsusda, keçiriləcək Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulanıb, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.
Qədim tarixə malik münasibətlər
Azərbaycan ilə Türkmənistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, eyni kökə aid olan azərbaycanlılar və türkmənlər həm də eyni mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin noyabrın 28-də Türkmənistana rəsmi səfərə gedib. Türkənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə isə prezident Qurbanqulu Berdimühəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Türkmənistanın dövlət başçısı həmçinin bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Prezident Qurbanqulu Berdımühəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. O, zəngin neft və qaz yataqları olan Azərbaycanın və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşdığını xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev isə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti olduğunu bildirib.
Geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu – bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərinin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında saziş, təhsil haqqında əməkdaşlıq haqqında saziş, hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında saziş və digər sənədlər imzalanıb.
Yeni dövr, yeni çağırışlar
2025-ci il iyulun 16-da isə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşündə çıxışı zamanı qeyd edib ki, Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələri inkişaf edir və bu əlaqələr daha da güclənir. İki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Görüşdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində əldə edilən bir çox nailiyyətlər barədə danışılıb, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanla Türkmənistan möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazırdırlar. İki ölkə bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır.
Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. İki qardaş ölkə böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edir.
Diqqət mərkəzində Transxəzərdir
Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq niyyətində olması ilə əlaqədar olaraq, Brüssel Rusiya qazı üçün əvəzləyici tapmağa imkan verəcək bir neçə potensial mənbənin, o cümlədən Azərbaycan və dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik Türkmənistanın adını çəkir. Azərbaycan öz qazını Avropaya çatdırmaqda Türkmənistan üçün “qapı” olmağa hazırdır. Avropa İttifaqı addımlarını sinxronlaşdırmağa hazırdır, növbə Aşqabadındır. Türkmənistan yataqlarını Rusiyadan yan keçməklə Azərbaycan, Türkiyə və Avropa İttifaqı ilə birləşdirəcək Transxəzər qaz kəməri layihəsi də bu gün diqqət mərkəzindədir. Qaz layihələri ilə yanaşı, Orta Asiya, Cənubi Qafqaz və Türkiyədən keçən Avropa İttifaqı ilə Çin arasında strateji nəqliyyat marşrutu olan Orta Dəhliz adlandırılan layihəyə maraq artır. Əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə Türkmənistan regionun inkişaf etməkdə olan logistika və enerji arxitekturasında ən mühüm mövqe tutmağa çalışır.
Xəzərdə açar ölkə
Xəzər regionu ABŞ-ın diqqət mərkəzindədir. Amerikanın maraqlarını inkişaf etdirmək üçün əsas vasitələrdən biri yeni boru kəməri layihələridir. Onların tikintisi Vaşinqton tərəfindən uzunmüddətli maraqlar və Rusiyanın regionda siyasi və enerji təsirinin zəifləməsi ehtimalı kontekstində nəzərdən keçirilir. 2025-ci il may ayının sonunda ABŞ dövlət katibi Marko Rubio Türkmənistan qazını Avropa bazarına çatdırmaq üçün Türkmənistanı Azərbaycanla birləşdirməli olan transxəzər qaz kəmərinin tikintisi layihəsinə ABŞ administrasiyasının dəstəyini bir daha bəyan edib.
Karbohidrogen ehtiyatlarının hasilatı və Xəzər regionundan nəqli məsələləri ilə ABŞ-ın bütün administrasiyaları maraqlanıb. ABŞ Xəzər regionunda boru kəməri memarlığının inkişafına diqqəti artırıb. Vaşinqton Xəzəryanı dövlətlərin Qərb ölkələrinin maraqları sferasında iştirakını artırmalı olan yeni boru kəməri layihələrini irəli sürüb. Əsas səylər region ölkələrinin yaxın onilliklərdə hasil etməli olduqları Xəzərin karbohidrogen ehtiyatlarının gələcək axınının Rusiya ərazisindən keçməməsinə yönəlib. Bu səbəbdən potensial neft və qaz ehtiyatlarına malik, lakin əsas satış bazarlarından uzaqda yerləşən Qazaxıstan, Azərbaycan və Türkmənistan ABŞ-ın diqqət mərkəzində olub.
Amerika tərəfi bir sıra boru kəməri layihələrinin həyata keçirilməsinə nail olub. Bu, Azərbaycanın karbohidrogenlərinə aiddir və onların xarici bazara çıxışı təmin edilirdi. Ötən əsrin 90-cı illərində Azərbaycan neftinin və qazının gələcək həcmlərinin ixrac istiqamətlərinin seçilməsi məsələsində baş verən rəqabətdə Rusiya öz mövqelərini qoruya bilmədi. Nəticədə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Xəzər karbohidrogenlərinin Türkiyə bazarına, daha sonra isə “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ilə Avropa qaz bazarına çıxışı təmin etdi.
Bununla belə, ABŞ üçün Xəzər regionunda geosiyasi məkanı köklü şəkildə yenidən formatlaşdırmaq vacib idi. Bu məqsədlə Amerika tərəfi karbohidrogen ehtiyatlarının axın marşrutlarına və bununla yanaşı, regionda qüvvələr balansına əhəmiyyətli təsir göstərəcək boru kəmərləri çəkməyi planlaşdırırdı. Bu kontekstdə Qazaxıstan nefti və Türkmənistan qazının Azərbaycan üzərindən dünya bazarına çıxması üçün perspektivli marşrut kimi qiymətləndirilən transxəzər boru kəmərləri layihələri Vaşinqtonda xüsusi maraq doğurub. Təsadüfi deyil ki, 1990-cı illərdə energetika sahəsində genişlənən Azərbaycan-Qazaxıstan əməkdaşlığı ABŞ tərəfindən də dəstək alıb.
Amerika administrasiyasının istəkləri, eləcə də Qazaxıstan və Türkmənistanın planları Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsinə qarşı çıxan Rusiya və İranın mövqeyi ilə ziddiyyət təşkil edirdi. Siyasi aspektlərlə, o cümlədən, Xəzərin ekologiyasına təhlükə ilə yanaşı, bir sıra məsələlər də həllini tapmamış qalır. Beləliklə, boru kəmərlərinin tikintisi üçün vəsait yox idi və Xəzər karbohidrogenlərinin gələcək həcmlərinin istehlakçıları təsdiqlənmədi. Buna baxmayaraq, ABŞ texniki və maliyyə çətinliklərinə baxmayaraq, transxəzər boru kəməri layihələrini israrla təşviq edirdi. Son onilliklər ərzində ABŞ-ın transxəzər boru kəmərləri məsələsində siyasəti dəyişməyib. Üstəlik, Rusiya ilə Qərbin qarşıdurması şəraitində siyasi və iqtisadi təzyiqlərə məruz qalan Xəzəryanı dövlətlərə Vaşinqton təzyiqləri artırıb.
Transxəzər xəttinə hazırlıq
ABŞ-ın səyləri Aşqabad və Astanada da öz bəhrəsini verir. Bu yaxınlarda bu Xəzəryanı dövlətlər transxəzər qaz kəmərlərinin çəkilişində iştirak etməyə hazır olduqlarını bildiriblər. Ölkələr karbohidrogen ehtiyatlarının xarici bazara tədarükü marşrutlarının şaxələndirilməsi, Moskvadan asılılığın azaldılması zərurətini qeyd edirlər. Transxəzər boru kəmərlərinin tikintisi zərurətini dəstəkləmək üçün Türkmənistan və Qazaxıstan karbohidrogen ehtiyatlarının hasilatı ilə bağlı proqnozlar dərc edirlər. Sənədlərə və Xəzəryanı dövlətlərin nümayəndələrinin bəyanatlarına görə, yaxın gələcəkdə Xəzərdə neft və qaz hasilatı artmalıdır ki, bu da ixracın artmasına şərait yaradacaq. Bu cür ssenarilər çoxsaylı konfrans və görüşlərdə fəal müzakirə olunur və bununla da transxəzər marşrutlarına maraq saxlanılır. Transxəzər boru kəməri layihələrinin həyata keçirilməsi ABŞ tərəfindən Xəzər regionunda təsirin gücləndirilməsi, Rusiya və İranın rolunun azaldılması ilə bağlı vəzifələr kontekstində nəzərdən keçirilir.
Beləliklə, ABŞ-ın Xəzər regionunda siyasəti hələ də enerji axınlarının yenidən formatlaşdırılmasına, Rusiya və İranın geosiyasi təsirinin azaldılmasına yönəlib. Vaşinqton israrla Xəzərin açarları ilə əlaqələrini genişləndirir, Astana və Aşqabad arasında Moskva ilə əməkdaşlığın səviyyəsini azaltmağa ümid edir. Oxşar ssenari Xəzəryanı dövlətləri Rusiya ilə mövcud münasibətlərinə yenidən baxmağa vadar edən Amerika administrasiyası tərəfindən irəli sürülür. ABŞ Qazaxıstan və Türkmənistanın maraqlarından istifadə edərək, bu irimiqyaslı layihələrin həyata keçirilməsinə şərait yaratmağa çalışır.
Özbəkistan da Transxəzər marşrutuna qoşulur. 12 günlük Yaxın Şərq münaqişəsi Özbəkistanın Hörmüz boğazından keçən əsas logistika marşrutlarını təhlükə altına qoyub. Buna cavab olaraq, Daşkənd öz xarici ticarət strategiyasını aktiv şəkildə yenidən nəzərdən keçirir, yük axınını alternativ istiqamətlərə yönəldir. Əsas diqqət Çin, Xəzər dənizi və Gürcüstan limanlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TİTR), həmçinin Şimal-Cənub yoluna yönəlib. Bundan əlavə, Rusiyadan keçən ənənəvi şimal marşrutları artan sanksiyalara baxmayaraq, fəaliyyətini davam etdirir.
Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında yaranmış indiki əlaqələri təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilə bilər. Azərbaycan və Türkmənistan xalqları ortaq milli, etnik və dini dəyərlərə malik olmaqla yanaşı, ortaq mədəni və ədəbi miras da bölüşürlər. Bu baxımdan Prezident İlham Əliyev Türkmənistana səfəri mühüm məqamlardan biridir. Nəticə etibarilə, bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin davamı olacaq. Onun uzunmüddətli siyasi, mədəni və iqtisadi nəticələri gələcəkdə daha aydın şəkildə müşahidə ediləcək və regional əməkdaşlığa töhfə verəcək.
V.VƏLİYEV