“Region ölkələrinin iqtisadi əlaqələri genişlənəcək”
“Zəngəzur dəhlizi sadəcə bir yol, bir nəqliyyat layihəsi deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu dəhliz əslində regionun gələcək siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirəcək strateji açardır: “Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi ilk növbədə Türkiyə və Azərbaycan arasında birbaşa quru bağlantısı yaradır. Bu isə “bir millət, iki dövlət” konsepsiyasını praktiki olaraq yeni mərhələyə çıxarır.
İkincisi, dəhliz Türk dünyasının vahid kommunikasiya şəbəkəsini təmin edir. Yəni Bakının, Ankaranın, Astananın və ümumiyyətlə, Orta Asiyanın bütün türkdilli dövlətlərinin birbaşa inteqrasiyasına xidmət edir. Bu, yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni güc mərkəzinin formalaşması deməkdir.
Üçüncüsü, dəhlizdən Rusiyanın da qazanacağı tərəflər var. Moskva yeni dəmir yolu və avtomobil marşrutları vasitəsilə həm Cənubi Qafqaza, həm də Türkiyə üzərindən Aralıq dənizinə çıxış əldə edə bilər.
Dördüncüsü, İranın mövqeyi daha mürəkkəb olsa da, Tehran da istəsə bu dəhlizdən iqtisadi fayda götürə bilər. Çünki regional tranzit marşrutlarının artması onun özünü də ikinci plana atmaz, əksinə paralel alternativlər yaradacaq. Amma İranın əsas narahatlığı Türkiyə–Azərbaycan xəttinin güclənməsidir.
Beşincisi, dəhliz Ermənistan üçün də şansdır. Əgər İrəvan bu fürsətdən düzgün istifadə etsə, illərlə blokadada qalan ölkə yeni ticarət yollarına qoşula bilər. Amma Ermənistanın ənənəvi revanşist dairələri bu perspektivi ləngidir.
Ən əsası isə Zəngəzur dəhlizi Çin–Mərkəzi Asiya–Azərbaycan–Türkiyə–Avropa xəttinin təməl elementidir. Bu marşrut “Orta Dəhliz” konsepsiyasını tam gücə mindirir və Avrasiyanın yeni İpək Yolu rolunu oynayır. Burada Azərbaycan həm körpü, həm də lider dövlət funksiyasını yerinə yetirir.
Zəngəzur dəhlizi açıldıqca region ölkələrinin iqtisadi əlaqələri genişlənəcək, geosiyasi balans isə Qafqazın öz içindən müəyyən olunacaq. Bu dəhliz Azərbaycanın strateji təşəbbüsüdür və onun reallaşması ilə Bakı təkcə iqtisadi mərkəz yox, həm də regional oyun qaydalarını müəyyən edən əsas güc olacaq”.