“Valideynlər arzularını yox, övladın potensialını əsas götürməlidir”
“Müasir dövrdə gənclərin karyera seçimi məsələsi cəmiyyətin mühüm müzakirə mövzularından biridir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, bu prosesdə valideynlərin rolu isə əhəmiyyətli dərəcədə qalmaqda davam edir. Bəzən bu təsir müsbət, bəzən isə gənclərin potensial və maraqlarına uyğun olmayan istiqamətləndirmələr şəklində mənfi xarakter alır. Sovetlər Birliyi dövrü ilə müqayisədə bu gün valideynlərin övladlarının ixtisas seçiminə təsiri daha da güclənmiş kimi görünür: “Valideynlər övladlarının təhsil və gələcək karyeraları ilə bağlı qərarlarında artıq orta məktəbin aşağı siniflərindən etibarən müdaxilə etməyə başlayırlar. 6-7-ci siniflərdən etibarən uşaqların fənn yönümləri – humanitar, ya texniki sahəyə meyllilikləri müəyyən olunmağa çalışılır. Bu mərhələdə onların xarakter xüsusiyyətləri, davranışları və maraqları nəzərə alınaraq gələcəkdə hansı sahədə uğur qazana biləcəkləri barədə ilkin düşüncələr formalaşır.
Lakin bir çox valideyn hələ də öz arzularını övladlarına yükləməyə çalışır. Xüsusilə sovet dövründən gələn stereotiplər, hüquqşünas və ya həkim olmaq arzusu hələ də bir çox ailədə qalmaqdadır. Lakin unudulmamalıdır ki, hər bir şagirdin hüquq fakültəsinə daxil olmaq və ya həkim olmaq potensialı yoxdur. Bu səbəbdən valideynlər şəxsi istəklərini deyil, övladlarının real bilik və bacarıqlarını əsas götürərək onlara istiqamət verməlidirlər.
Ali təhsil mərhələsi və sonrakı karyera dövründə isə müşahidə olunur ki, bir çox gənc seçdiyi ixtisas üzrə fəaliyyət göstərmir. Bu, həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Bəzi hallarda gənc bitirdiyi ixtisasda karyera imkanlarını zəif görür, bəzi hallarda isə təsadüfi şəkildə başqa sahəyə yönəlir. Məsələn, hüquqşünaslıq ixtisasını bitirən bir şəxsin biznes sahəsində uğurlu karyera qurduğu hallara tez-tez rast gəlinir.
Sovet dövründə ali təhsilli şəxslərin böyük əksəriyyəti dövlət təyinatı ilə ixtisaslarına uyğun işlə təmin olunurdular. Müasir dövrdə isə bu praktika olmadığından gənclər daha çox şəxsi təşəbbüslərinə və imkanlarına əsaslanaraq iş axtarışına çıxırlar.
Valideynlərin karyera seçiminə təsirini qiymətləndirərkən onların intellektual səviyyəsi, dünyagörüşü və gələcək vizyonu da nəzərə alınmalıdır. Bəzi valideynlər nəinki dəstək göstərir, əksinə, düzgün istiqamət vermədikləri üçün övladlarını çaşdıra da bilirlər. Ən ideal yanaşma isə odur ki, valideyn övladının bacarıq və maraqlarını düzgün qiymətləndirsin və bu əsasda ona düzgün yol göstərsin.
Müasir dövrdə bəzi gənclər artıq ali təhsildən sonra bir neçə xarici dil öyrənir, ölkə xaricində şəxsi inkişaf perspektivləri görür və öz karyera yollarını müstəqil şəkildə seçirlər. Bu da onu göstərir ki, gənclərin dünyagörüşü genişləndikcə onların karyera ilə bağlı qərarları daha çox öz şəxsi iradələrinə əsaslanır.
Bununla belə, ümumi mənzərə göstərir ki, bu gün gənclərin ali təhsil almağa maraqları artmışdır. Valideynlərin bu prosesdəki təsiri isə əvvəlki dövrlərlə müqayisədə daha çox müşahidə olunur. Əlbəttə ki, valideyn müdaxiləsi tamamilə aradan qalxmamalıdır. Lakin bu müdaxilə yalnız o zaman faydalı ola bilər ki, valideyn övladının potensialını düzgün qiymətləndirə bilsin və onun maraqlarını, seçimini nəzərə alsın”.