“Azərbaycan çoxvektorlu siyasət yürütməyə davam edəcək”
“Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə kifayət qədər geniş, əhatəli və Azərbaycanın dövlət mövqeyini ifadə edən bir çıxış idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, bu müsahibədə bir daha vurğulandı ki, Azərbaycan çoxvektorlu siyasət yürütməyə davam edəcək: “Ölkə bütün qüvvələrlə balanslı münasibətlər quracaq və sülh təşəbbüsləri, əməkdaşlıq imkanları ilə çıxış edəcək.
Beynəlxalq kommunikasiya xətlərinin və dəhlizlərin işə düşməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, qonşularla münasibətlərini bərabərhüquqlu, mehriban qonşuluq prinsipləri əsasında davam etdirəcək. Bu kontekstdə Ermənistanla sülh məsələsinə, Zəngəzur dəhlizinə, ABŞ ilə strateji tərəfdaşlığa, Rusiya və İranla münasibətlərə də toxunuldu.
Əsas mesajlardan biri də ondan ibarət idi ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və eyni münasibəti qarşı tərəfdən də gözləyir. Əgər bu prinsiplərə hörmətsizlik edilərsə, Azərbaycan buna adekvat və sərt cavab verməyə qadirdir və bu xətt bundan sonra da davam etdiriləcək.
Bu müsahibə həm beynəlxalq ictimaiyyətə, həm də region ölkələrinin cəmiyyətlərinə — Ermənistan, İran, Rusiya — ünvanlanmış ciddi mesajlar daşıyırdı. Prezident bir daha vurğuladı ki, ərazi bütövlüyü və suverenlik məsələləri Azərbaycan üçün prioritetdir və bu prinsiplərdən əsla geri çəkilmək niyyətində deyil”.