Sosial

“Prezidentin Kəlbəcərə səfəri Böyük Qayıdışın yeni mərhələsini nümayiş etdirdi”


“Prezident İlham Əliyevin Kəlbəcərə səfəri sadəcə regional infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır, bu hadisə bütövlükdə “Böyük Qayıdış” prosesinin praktiki mərhələyə qədəm qoyduğunu göstərir. İşğaldan azad olunmuş torpaqların hər qarışında aparılan quruculuq işləri dövlətin strateji baxışının bariz nümunəsidir. Kəlbəcər kimi strateji-coğrafi mövqedə yerləşən rayonun bərpası həm sosial, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, burada aparılan infrastruktur layihələri – yolların, elektrik xətlərinin, su kəmərlərinin çəkilməsi və sosial obyektlərin istifadəyə verilməsi – Böyük Qayıdışın davamlı və planlı şəkildə həyata keçirildiyini sübut edir. Prezidentin Kəlbəcərdə verdiyi mesajlar onu göstərir ki, Azərbaycan dövləti təkcə azad olunmuş torpaqlara insanları qaytarmaqla kifayətlənmir, həm də müasir standartlara cavab verən yaşayış mühiti yaradır. Bu, regionda məskunlaşacaq insanların təhlükəsiz, rahat və firavan həyat qurması üçün mühüm zəmin formalaşdırır: “Eyni zamanda, Kəlbəcərin iqtisadi və strateji resursları xüsusi vurğulanmalıdır. Zəngin təbii sərvətləri, su ehtiyatları və əlverişli iqlim şəraiti bu rayonu Azərbaycanın enerji, kənd təsərrüfatı və turizm xəritəsində mühüm mərkəzə çevirir. Prezidentin səfəri zamanı qeyd etdiyi kimi, bu torpaqların potensialı yalnız iqtisadi mənfəətlə ölçülmür, həm də milli irsimizin, mədəniyyətimizin və strateji təhlükəsizliyimizin əsas dayaqlarından biridir.

Siyasi baxımdan isə bu səfər dünyaya açıq mesajdır. Azərbaycan bir tərəfdən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparmaqla dövlət idarəçiliyinin səmərəliliyini nümayiş etdirir, digər tərəfdən isə bölgədə uzunmüddətli sabitlik və inkişafın təmin edilməsinə yönəlik iradəsini ortaya qoyur. “Böyük Qayıdış” konsepsiyası həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının praktiki nəticəsidir və bu, gələcək nəsillər üçün tarixi bir dönüm nöqtəsidir. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri “Böyük Qayıdış”ın real konturlarını üzə çıxardı: planlı infrastruktur siyasəti, güclü siyasi iradə və vətəndaş rifahına hesablanmış strategiya. Bu, təkcə Kəlbəcərin deyil, bütün Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişafının yol xəritəsini müəyyənləşdirir”.